Xəbərlər

Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilib

01 fevral 2016

     Bakıda Azərbaycan-İndoneziya energetika forumu öz işinə başlayıb. Forumu açıq elan edən Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycanla İndoneziya arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışıb. 2014-cü ildə İndoneziyanın paytaxtı Cakartada keçirilmiş Dünya İqtisadi Forumunda iştirakını, eləcə də ötən il baş tutmuş bir neçə görüşün münasibətlərin inkişafına, xüsusilə də iki ölkənin enerji sahəsində əməkdaşlığına töhfə verdiyini diqqətə çatdırıb. Neft ölkəsi kimi 160 ildən çox tarixə malik Azərbaycanın öz enerji təhlükəsizliyini tam olaraq təmin etdiyini, neft-qazla yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini vurğulayan Natiq Əliyev deyib ki, biz bu gün heç bir ölkədən enerji sahəsində asılı deyilik. Azərbaycanın təşəbbüsü ilə nəinki regionun, hətta Avropa qitəsinin enerjiyə tələbatının təmin olunması üçün nəhəng layihələr reallaşdırılır. Energetika naziri bildirib ki, neft-qaz sənayesində əldə edilən uğurlar bir çox ölkələrlə əməkdaşlıq imkanı yaradır. Belə ölkələrdən biri də İndoneziyadar. Hər iki ölkənin çox mühüm enerji potensialı var. Azərbaycan enerji sahəsində öz təcrübəsini İndoneziya ilə bölüşə bilər və keçirilən forum bu baxımdan mühüm əhəmiyyət daşıyır. "Forumun keçirilməsində əsas məqsədlərdən biri budur ki, iki ölkənin hansı sahələrdə əməkdaşlıq edə biləcəyi ilə bağlı müzakirələr aparaq. Müzakirə edək və görək, Azərbaycan mütəxəssisləri qarşı tərəfə nə öyrədə bilər". Nazir SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) İndoneziyada müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycan mütəxəssisləri İndoneziyada çalışa , eyni zamanda indoneziyalı tələbələr Azərbaycanın enerji və neft sahəsində təhsil ala bilərlər. Energetika Forumunun dünyada cərəyan edən böhranla eyni vaxta təsadüf etdiyini vurğulayan nazir bildirib ki, son dövrlər dünya bazarında neftin ucuzlaşması bizim ölkəmiz üçün bir sınaqdır. Bu, ölkə iqtisadiyyatının strukturunu dəyişməyə imkan verəcək: “Düşünürəm ki, Azərbaycan iqtisadiyyatı yenə də inkişaf edəcək və neftdən asılılıq azalacaq”. İndoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin Neft və Qaz üzrə baş direktoru Gusti Nyoman Viratmaja Puja isə deyib ki, ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, iki ölkənin enerji sektoruna qarşılıqlı investisiya qoyması, xüsusilə də özəl sektor nümayəndələrinin aktiv fəaliyyəti bu əlaqələrin inkişafına mühüm töhfələr verəcək. O, bildirib ki, hazırda İndoneziyada neft çatışmazlığı var. Bu gün bu çatışmazlıq alternativ və bərpa olunan enerji mənbələri ilə əvəz olunur. 2025-ci ildə ümumi enerji sahəsində alternativ enerjinin həcminin 23 faizə çatdırılması gözlənilir. İndoneziya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda və xam neftin alışında maraqlıdır. Bu forum bunun üçün yaxşı zəmin yaradır. Forumda gələcəkdə iki ölkə arasında işçi qrupunun yaradılması ətrafında fikir mübadiləsinin aparıldığı da diqqətə çatdırılıb. Tədbirdə SOCAR, "Azərenerji" və "Azərişıq" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təqdimatları keçirilib. Həmçinin İndoneziyanın “Pertamina” şirkəti və SOCAR-ın biznes icmallarına baxılıb. Qeyd edək ki, SOCAR İndoneziya istiqamətində xam neft ixracını 2007-ci ildən başlayaraq həyata keçirir. İndoneziya istiqamətində təchiz olunan xam neftin əsas həcmlərinin son istehlakçsı İndoneziyanın dövlət neft şirkəti olan “Pertamina 2 şirkətidir. Şirkət gündə 1 mln. barel neft istehsal etmək gücünə malik olan 6 neft emalı zavoduna sahibdir. 19 neft və qaz yatağının işlənməsi nəticəsində günə 150 min barel, bütün ölkə üzrə isə günə 800 min barel neft istehsal edilir. Azərbaycan Səudiyyə Ərəbistanından sonra xam neft satşına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. SOCAR tərəfindən 2007-2014-cü illər və 2015-ci ilin yanvar-avqust ayları ərzində 19.8 milyon ton xam neft İndoneziyaya təchiz edilmişdir.