Xəbərlər

Energetika naziri Natiq Əliyev Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

12 fevral 2016

     Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Energetika Nazirliyində olub. Azərbaycanla Fransa arasında münasibətlərin yüksək səviyyədə qərarlaşdığını vurğulayan energetika naziri Natiq Əliyev bu əlaqələrin bir çox sahələrdə, eləcə də energetika sahəsində dinamik əməkdaşlıqla müşayiət olunduğunu deyib. İkitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının səfərlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edən Natiq Əliyev bunu qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirib. Bildirilib ki, Fransa şirkətləri Azərbaycanın neft-qaz və neft məhsulları sənayesində yaxından iştirak edirlər. Belə ki, “Total” Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiumun 5 faizinə və “Cənubi Qafqaz Boru Kəmərini Genişləndirmə” layihəsində 10 faizlik iştirak payına malikdir. Bundan başqa, “Total” və “Gaz de France “ şirkətləri ilə “Abşeron “ yatağı üzrə əməkdaşlıq enerji sahəsindəki əlaqələrə töhfədir. Nazir bildirib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən (Mərhələ-2) hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın “Gaz de France “ şirkətidir. Belə ki, şirkət 65 milyard kub metr qaz alacaq. Natiq Əliyev Fransa ilə enerji sahəsində uzun illər əməkdaşlıq etmək üçün kifayət qədər imkanların olduğunu diqqətə çatdırıb. Öz növbəsində, səfir xanım Orelia Buşez Azərbaycanla-Fransa münasibətlərində enerji amilinin rolunu yüksək qiymətləndirərək, Fransa şirkətlərinin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması çərçivəsində aparılan tikinti işləri, eləcə də neft emalı, neft-kimya sənayesində iştirakda maraqlı olduqlarını bildirib. Sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşmış “Air Liquide” və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması istiqamətində “Axens” şirkətlərinin fəaliyyətinə toxunan səfir onu da əlavə edib ki, hazırda yeni enerji sahələrinin müəyyənləşdirilməsinə güclü diqqət var. Azərbaycanda yeni enerji sahələrinin tədqiqatı məqsədilə Fransadan bir qrup mütəxəssisin səfəri planlaşdırılır. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.