Xəbərlər

Fransa Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti Energetika Nazirliyində olub

19 fevral 2017

     Azərbaycan Respublikasının Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovun iştirakı ilə Fransa Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Fransa arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib. Yanacaq-enerji kompleksində iki ölkə arasında əməkdaşlığın hazırki vəziyyətini yüksək qiymətləndirən Gülməmməd Cavadov energetika sektorunun inkişafı istiqamətində həyata keçirilmiş dövlət proqramları, eləcə də yanacaq-enerji kompleksinin gələcək inkişafı ilə bağlı müəyyən edilmiş prioritet istiqamətlər barədə qonaqları məlumatlandırıb. Bildirilib ki, enerji resurslarından səmərəli istifadə, enerji daşıyıcılarının istehsalı və satışı zamanı yol verilən itkilərin azaldılması, binalarda enerji effektivliyinin yüksəldilməsi, energetika sahəsində qanunvericiliyin və tarif siyasətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində birgə əməkdaşlıq üçün geniş imkanlar var. Fransa Əməkdaşlıq Agentliyinin həyata keçirdiyi layihələr barədə danışan nümayəndə heyətinin rəhbəri, Fransa Əməkdaşlıq Agentliyinin enerji üzrə eksperti Fabris Jüküa Agentliyin regionla bağlı planlarını diqqətə çatdırıb. O, Fransa Əməkdaşlıq Agentliyinin Azərbaycanın energetika sektorunda əməkdaşlıqda maraqlı olduğunu deyərək, bu əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb. Görüşdə səsləndirilən təkliflər , eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.