Xəbərlər

Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclası keçiriləcək

26 fevral 2016

      Fevralın 29-da “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının II iclası keçiriləcək. Toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin -Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin, habelə Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub. Dəvət məktubu göndərilən hökumət rəsmiləri arasında Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Berat Albayrak, Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Yunanıstanın Enerji və Təbii Sərvətlər naziri Panos Skourletis, Albaniyanın Energetika və Sənaye naziri Damian Gjiknuri, Bolqarıstanın Energetika naziri Temenuzhka Petkova, İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi, bu ölkənin Nazirlər Şurasının Rəyasət Heyətinin icraçı katibi Klaudio de Vinsenti, Monteneqronun İqtisadi İnkişaf naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn, Serbiyanın Dağ-Mədən Sənayesi və Energetika naziri Aleksandr Antic, Xorvatiyanın İqtisadiyyat naziri Tomislav Panenic və başqaları var. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də iclasa qatılacaq. Məşvərət Şurasının II iclasına həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti, AYİB-in icraçı direktoru Rikkardo Puliti, Dünya Bankının prezidenti Cim Yon Kim, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Ciril Müller, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao, AİB-in baş direktoru Tod Friland, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) icraçı vitse-prezidenti və baş icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Efiopis Tafara, Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer, EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Laslo Baranya, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşou da dəvət edilib. Məşvərət Şurasının iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanacaq. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayır. Bu layihə yeni marşrut qaz tədarükü mənbələrinin şaxələndirilməsinə və yeni alternativ marşrutlar açmağa imkanlar yaradır. Ona görə də “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması dünya ölkələrinin diqqət mərkəzində olmaqla yanaşı, yaranmış yeni vəziyyətdə layihəyə cəlb edilmiş ölkələrin koordinasiyalı fəaliyyətini zəruri edir. Bu baxımdan, Məşvərət Şurasının II iclası dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi ilə müşayiət olunan yeni iqtisadi vəziyyətin “Cənub Qaz Dəhlizi” layihəsinə təsirlərinin, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə maliyyələşmə məsələlərinin və s. müzakirəsinə şərait yaradacaq. Eyni zamanda, ötən bir il ərzində layihənin həyata keçirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılacaq, layihənin hər bir hissəsi barədə hesabatlar təqdim olunacaq və növbəti tədbirlər birgə müəyyənləşdiriləcək. ABŞ və Avropanın tədbirdə yüksək statusda təmsil olunması bu nəhəng layihəyə diqqətin göstəricisi olmaqla yanaşı, həm də siyasi dəstəyi də təmin etmiş olacaq. Məşvərət Şurasının bu dəfəki toplantısı həm də TAP layihəsinin reallaşdırılmasında qarşıya çıxan çətinliklərin, fikir ayrılıqlarının aradan qaldırılmasına da töhfə vermiş olacaq. Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş və Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılmışdır. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası ötən il fevralın 12-də keçirilmişdir.