Xəbərlər

Energetika Nazirliyində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasına dair son hazırlıq işləri müzakirə edilib

27 fevral 2016

      29 fevral 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasına hazırlıqla bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyində energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə toplantı keçirilib. Toplantıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) nümayəndələri də iştirak edib. Müzakirələrdə, iştirakçı ölkələri təmsil edəcək qonaqların dəqiqləşdirilməsi işinin başa çatdığı bildirilib. Hazırlıq işlərinə həsr olunmuş iclasda təşkilati məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. Məşvərət Şurası iclasının gündəliyi, çıxış mövzuları və Birgə Bəyannamə ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının II iclası üç plenar sessiya və dəyirmi masa üzrə keçiriləcək. Birgə Bəyannamənin imzalanması və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın KİV üçün birgə bəyanatla çıxışı nəzərdə tutulub.