Xəbərlər

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının yekunlarına dair mətbuat konfransı keçirilib

29 fevral 2016

     Fevralın 29-da Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ilə birgə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının yekunlarına dair mətbuat konfransı keçirilib. Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi”ni təkcə Azərbaycan üçün yox, bütün Xəzər, Qara və Aralıq dənizləri ölkələri, ən əsası isə Avropa İttifaqı üçün çox mühüm və strateji layihə kimi qiymətləndirib. “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti təkcə 3 min 500 kilometr məsafədə Azərbaycandan İtaliyayadək uzanması deyil, həm də maliyyə baxımından çox nəhəng layihə olmasıdır. Layihəyə təxminən 45 milyard dollar maliyyə vəsaiti qoyulacaq. “Cənub Qaz Dəhlizi” mühəndislik baxımından çox mürəkkəb layihədir və dörd əsas hissədən - “Şahdəniz-2” , Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələrindən ibarətdir. Bu, bir zəncirdir və həmin layihələr də onun halqalarıdır. Əgər bir layihədə hər hansı gecikmə olarsa, bu, bütün digər layihələrə də təsir edə bilər”. Məşvərət Şurasının ikinci toplantısında layihə üzrə hazırkı vəziyyətin müzakirə olunduğunu deyən nazir iştirakçı ölkələrlə gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. “Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentinin və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisinin toplantıda iştirakı layihənin region və qitə önəmini bir daha göstərir”,- deyə N.Əliyev qeyd edib. Neftin qiymətində ucuzlaşmanın “Cənub Qaz Dəhlizi” layihəsinin gedişinə təsiri barədə danışan Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, burada əsas məsələ iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməsidir. Məşvərət Şurasının toplantısında da həmin məsələlər müzakirə olunub. Həmin ölkələr bir daha bildiriblər ki, bu öhdəlikləri yerinə yetirməkdə və layihələri plan üzrə həyata keçirməkdə qərarlıdırlar. M.Şevçoviç deyib: “Biz əmin olmalıyıq ki, bütün fəaliyyətlər vaxtında icra olunacaq. Nəticədə isə Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nüçmayəndəsi və əlaqələndiricisi Amos Hokstayn deyib ki, neftin qiymətinin 80 faizədək ucuzlaşması fonunda layihənin iştirakçıları öz öhdəliklərini təkrar nəzərdən keçirirlər və onun icrasının təmin olunmasına çalışırlar: “Cənub Qaz Dəhlizi” Avropada enerjinin şaxələndirilməsi üzrə ilk layihədir və onun icrası nəticəsində qitənin enerji xəritəsi dəyişəcək”, - deyə A.Hokstayn bildirib. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə bildirib ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, TANAP layihəsi müvəffəqiyyətlə icra olunur. Neftin qiymətinin ucuzlaşması və digər amillər layihənin icrasına elə də təsir etmir. Layihənin iştirakçıları da bütün işlərə lazımi ciddiliyi göstərirlər və öz dəstəklərini əsirgəmirlər. Azərbaycanın energetika naziri N.Əliyev onu da bildirib ki, “Cənub Qaz Dəhlizi” çox əhəmiyyətli, şaxələndirilmiş və strateji layihədir. Bazardakı prosesdən və neftin qiymətindən asılı olmayaraq, bütün ölkələr və maliyyə qurumları layihədəki öhdəliklərini yerinə yetirirlər. Layihə uğurla icra olunmaqdadır. Azərbaycanda maliyyələşmə ilə bağlı işlər tamamilə həll olunub. TANAP layihəsi üzrə də maliyyə çətinliyi yoxdur. Apreldə isə TAP-la bağlı bütün maliyyə məsələləri həll ediləcək. Sonra jurnalistlərin sualları cavablandırılıb.