Xəbərlər

Energetika Nazirliyinin nümayəndələri Brüsseldə keçirilən müzakirələrdə iştirak edəcəklər

14 mart 2016

     17 mart 2016-cı il tarixində Belçikanın Brüssel şəhərində “Avropa İttifaqının Şərq qonşuluğu və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı” mövzusunda tədbir keçiriləcək. Avropa Komissiyasının təşkil edəcəyi tədbirdə Avropa İttifaqı, 11 tərəfdaş ölkə, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik dairələrdən olmaqla 200-dək nümayəndənin iştirakı gözlənilir. Toplantıda Azərbaycanı İNOGATE proqramının ölkə üzrə koordinatoru qismində Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov və Elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyev təmsil edəcək. Tədbirdə Aİ, Şərq Tərəfdaşlığı ölkələri və Mərkəzi Asiyada enerji təhlükəsizliyi, davamlılıq və investisiyalar və s. bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Müxtəlif sessiyalar çərçivəsində enerji statistikası vasitəsilə siyasətin formalaşması, enerji səmərəliliyi, enerji tənzimlənməsi, enerji bazarı və tariflər, investisiyalar, qaz infrastrukturları və standartları məsələləri ətrafında müzakirələr olacaq. Tədbirdə İNOGATE proqramı çərçivəsində qurulmuş 20 illik əməkdaşlıq əlaqələrinə də diqqət yönələcək. Elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevin “Enerji bazarları və tarifləri” mövzusuna həsr olunmuş sessiyada çıxışı nəzərdə tutulub.