Xəbərlər

İNOGATE proqramının Azərbaycan üzrə koordinatoru mükafata layiq görülüb

28 mart 2016

     Energetika Nazirliyinin Aparat rəhbəri, İNOGATE proqramının Azərbaycan üzrə koordinatoru İftixar Hüseynov İNOGATE proqramının (1996-2016) 20 illiyi münasibətilə İNOGATE proqramının Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyətinə görə “Xidmət Mükafatı”na layiq görülüb. Mükafat Avropa İttifaqı, 11 tərəfdaş ölkə, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik dairələrdən olmaqla 200-dək nümayəndənin iştirakı ilə Belçikanın Brüssel şəhərində “Avropa İttifaqının Şərq qonşuluğu və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı” konfransı çərçivəsində Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han tərəfindən təqdim olunub. Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı proqramı olan INOGATE proqramı 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biri kimi İNOGATE-in tərəfdaş ölkəsidir və bu proqram üzrə həyata keçirilmiş 69 layihənin 33-dən faydalanmışdır. Proqram çərçivəsində Azərbaycanın enerji sektorunun müxtəlif sahələrində həyata keçirdiyi tədbirlərə dəstək verilir. Proqram üzrə Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur. İNOGATE proqramının səlahiyyətlərinin genişləndirilməsində 2004-cü ildə Azərbaycanda keçirilən Nazirlər Konfransında qəbul edilmiş “Bakı təşəbbüsü” mühüm rol oynamışdır. İştirakçı dövlətlər bu görüşdə regional enerji bazarının inkişafına dəstək, enerji daşıyıcılarının dayanıqlı və təhlükəsiz nəqli, yeni enerji infrastrukturlarının yaradılmasına investisiyaların cəlb olunması, enerji səmərəliliyi siyasəti və proqramının yerinə yetirilməsi, həmçinin onların enerji bazarlarının Aİ bazarına inteqrasiyası məsələlərində tədricən müvəffəqiyyət əldə edilməsində ümumi maraqların olduğunu təsdiq etmişlər. İNOGATE Proqramının inkişafında digər mühüm addım 2006-cı ilin noyabr ayında keçirilmiş Nazirlər Konfransı hesab olunur. Konfransın yekun sənədi kimi Astana Bəyannaməsi imzalanmış, Proqramın bundan sonrakı istiqamətləri müvafiq Yol Xəritəsi üzrə müəyyənləşdirilmişdir. Sənəddə aidiyyəti ölkələr arasında enerji əməkdaşlığının inkişafı, enerji bazarının liberallaşdırılması məqsədilə qanunvericilik bazasının, tənzimləyici və institusional sistemin uyğunlaşdırılması, enerji nəqli şəbəkələrinin təhlükəsizliyinin və etibarlılığının möhkəmləndirilməsi nəzərdə tutulur. Enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinə, enerji daşıyıcılarının hasilatı, nəqli və istifadəsinin ekoloji aspektlərinə diqqət yönəlir. Bu məsələlərin həlli yolu ilə dayanıqlı inkişaf siyasətinin həyata keçirilməsi, ümumi maraq kəsb edən enerji layihələrinin investisiya təminatına dəstək verilməsi planlaşdırılır. Azərbaycanın da iştirakçısı olduğu İNOGATE proqramı çərçivəsində 2011-2015-ci illərdə müxtəlif layihələr həyata keçirilmişdir. Hazırda bu Proqram üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq proqramların hazırlanması ilə bağlı işlər görülməkdədir.