Xəbərlər

Almaniyanın Boxum Rur Universitetinin nümayəndləri Azərbaycanın enerji siyasəti ilə maraqlanıblar

04 may 2015

Energetika Nazirliyində Almaniyanın Boxum Rur Universitetinin Mədən və Enerji Hüququ İnstitutunun Təşviqi Birliyinin sədri Otto Vulfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika nazirinin müavini Natiq Abbasov arasında görüş keçirilib. Görüşdə Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, layihələr və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın neft ölkəsi kimi keçdiyi tarixi mərhələlərdən bəhs edilib. Neft hasilatının dinamikası və mövcud vəziyyətdə artırılmamasının səbəbləri, neft ixraçatçısı kimi əldə etdiyi nailiyyətlər qeyd edilib. Neft və təbii qazın bir neçə marşrut üzrə dünya bazarına çıxarılmasında “Əsrin müqaviləsi” və onun məntiqi nəticəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin xüsusi rolu qiymətləndirilib. Bildirilib ki, təkcə Qərblə Şərqin kəsişmə məkanında deyil, həm də geosiyasi maraqların toqquşma mərkəzində yerləşməsinə baxmayaraq, Azərbaycan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri ilə “üç dəniz əfsanəsi”ni reallığa çevirən, yəni, Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən ölkə rolunu oynamış, Avropa üçün yeni enerji mənbəyi, alternativ marşrutlar təklif edən, eyni zamanda tranzit ölkə olmuşdur. “Cənub Qaz Dəhlizi”nin də bu siyasətin davamı olduğunu və Azərbaycanın artıq qaz ixrac edən ölkəyə çevrildiyini deyən energetika nazirinin müavini Natiq Abbasov bildirib ki, hazırda əsas hədəf qaz hasilatı və ixracını artırmaqdır. Qaz hasilatının artırılması istiqamətində və “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər də imkan verir ki, 2050-ci ilə kimi Azərbaycan qaz ixracını il ərzində 50 milyard kubmetrə çatdırsın. “Cənub Qaz Dəhlizi” vaxtında reallaşdırılacaq və Azərbaycan qazı 2019-2020-ci illərdə Avropa bazarlarına daxil olacaq. O da qeyd edilib ki, “Cənub Qaz Dəhlizi” üçün əsas qaz mənbəyi 1,2 trilyon kub metr qaz ehtiyatına malik “Şah Dəniz” yatağı sayılır. Azərbaycanda sübuta yetirilmiş qaz ehtiyatları isə 2,5 trilyon kubmetr həcmindədir. Mayeləşdirilmiş təbii qazla ( LNG) bağlı ölkəmizin planlarına da diqqət yönəlib. Bildirilib ki, bununla əlaqədar Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) mövcuddur. Bu layihəyə qazın kəmər vasitəsilə Azərbaycanın Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilindəki Kulevi terminalına ötürülməsi, Kulevidən isə maye qaz şəklində tankerlərlə Rumıniyanın Konstanta terminalına yola salınması, burada yenidən qaz halına salındıqdan sonra mövcud şəbəkə vasitəsilə Rumıniyaya və digər Avropa ölkələrinə çatdırılması daxildir. Lakin daha ucuz başa gələn kəmərlərlə qazın ixracı mümkün olduğundan, AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulur. Bundan başqa, neft-qazla yanaşı, ölkənin enerji sisteminin gücünün və elektrik enerjisi istehsalının həcminin də həm daxili tələbatı təmin etməyə imkan verdiyi, həm də ixrac potensialını formalaşdırdığı da diqqətə çatdırılıb. Azərbaycanın ixracatçı kimi Avropa bazarlarına çıxmaq imkanlarından, Şərq-Qərb, Şimal-Cənub enerji dəhlizlərindən bəhs edilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin də əsas prioritetlərdən olduğu, bu məqsədlə 2004-cü ildə qəbul edilmiş “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması” üzrə dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlərin qoyulduğu, külək parkları, günəş stansiyaları, kiçik çaylar üzərində elektrik stansiyalarının inşa olunduğu qeyd edilib. Bildirilib ki, 2020-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarının azı 20 faizə çatdırılması planlaşdırılır. Alternativ enerji hesabına daxili tələbatın ödənməsi isə neft-qaz kimi tükənən enerji resurslarına qənaəti təmin etmiş olacaq.