Xəbərlər

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq Energetika Nazirliyində olub

06 may 2016

     Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Energetika naziri səfir İrfan Siddiqin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən Natiq Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında BP şirkətinin 20 ildən artıq bir müddətdə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrin, Xəzər regionunda nəhəng hasilat və nəqletmə sisteminin yaradılmasında, yeni texnologiyaların regiona gətirilməsində bu şirkətin xidmətlərinin mühüm rol oynadığı vurğulanıb. BP ilə anlaşma şəraitində əməkdaşlıq edildiyini deyən Natiq Əliyev bu şirkəti Azərbaycanın etibarlı, strateji tərəfdaşı kimi dəyərləndirib. “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağı blokunun işlənilməsi üzrə yeni razılaşmanın imzalanması, “Şahdəniz” yatağında aparılan işlər və həyata keçirilən enerji layihələri ilə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının daha bir neçə on illikləri əhatə edəcəyinə əminlik ifadə olunub. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının fevralın 29-da Bakıda keçirilmiş ikinci iclasının əhəmiyyətindən danışan səfir uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Natiq Əliyev isə bildirib ki, Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hoskerin toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında, enerji resurslarının diversifikasyasında Azərbaycanın rolunu yüksək qiymətləndirməsi beynəlxalq ictimaiyyət, xüsusilə də maliyyə qurumları üçün ciddi mesaj idi. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında icra edilməsinin Azərbaycan üçün əsas prioritet olduğu qeyd edilib. Bildirilib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlinin qoyulması ilə bu layihənin də icrasına rəsmi start veriləcək. “Bununla da “Cənub Qaz Dəhlizi”nin reallaşması istiqamətində hər hansı maneə qalmayacaq”-deyən energetika naziri layihənin genişləndirilməsinin və Balkan ölkələrinin qaza olan tələbatının ödənilməsinə imkan verəcək interkonnektorların tikintisinin də vacibliyini bildirib. Görüşdə həmçinin ölkədə qaz hasilatının artırılması istiqamətində görülən işlərdən, enerji bazarının hazırki vəziyyətindən və neftin qiymətində tarazlığın yaradılması məqsədilə keçirilmiş OPEC-ə üzv və qeyri-üzv ölkələrin Doha sammiti və iyunda planlaşdırılan Vyana görüşündən də bəhs edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.