Xəbərlər

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev “ Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək

13 may 2016

     15 may 2016-cı il tarixində Gürcüstanın Tbilisi şəhərində “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək. Azərbaycanı bu mərasimdə baş nazir Artur Rasizadə və energetika naziri Natiq Əliyev təmsil edəcək. “Şərq-Qərb” enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə başlanır. 1996-cı il mart ayının 8-də Azərbaycan Respublikası və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilmişdir. Uzunluğu 830 kilometr, layihə gücü ildə 5,1 milyon ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulmuşdur. 1999-cu il aprel ayının 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutmuşdur. Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir. Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəmərilə 76,3 milyon ton neft nəql olunmuşdur.