Gerb

24.04.2017 Mətnin ölçüsü Plus Minus

Energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib. SOCAR nümayəndələrinin də iştirakı ilə baş tutan görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin 25-27 aprel 2017-ci il tarixində Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi və mədəni əlaqələrin mövcud olduğunu deyən energetika naziri Natiq Əliyev bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib. Nazir Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihlə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olduğunu xatırladıb və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Səfir Messad İbrahim Əl-Sulaimi isə Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan və beynəlxalq təşkliatlarda davamlı dəstək nümayiş etdirən ölkələrdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə sazişi ilk imzalayan ölkələrdən biridir. Səfir uzun müddət “Saudi Aramco” şirkətinə rəhbərlik etmiş nazirin neft-qaz sahəsində böyük təcrübəyə malik olduğunu və Bakı görüşlərinin enerji əməkdaşlığının inkişafına fayda verəcəyini bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin Bakıya səfəri çərçivəsində Azərbaycanın energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub. Xalid Əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib.


Facebook-da paylaş Printer