Gerb

02.12.2016 Mətnin ölçüsü Plus Minus

Energetika Nazirliyində energetika naziri Natiq Əliyevlə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka arasında görüş keçirilib. Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovun da iştirak etdiyi görüşdə 19-20 dekabr 2016-cı il tarixində keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 7-ci iclasına son hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin iş adamlarının maraq dairəsində olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, müvafiq şirkətlərin bu müzakirələrə cəlbi və Hökumətlərarası Komissiyanın iclası çərçivəsində keçiriləcək biznes görüşündə onların iştirakının təmin edilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Polşanın enerji, gəmiçilik, dəniz nəqliyyatı, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən səfir Marek Tsalka bildirib ki, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hər iki ölkə geniş potensiala malikdir. Birgə layihələrin həyata keçirilməsi isə həm Azərbaycan,həm də Polşa üçün faydalı ola bilər. Energetika naziri Natiq Əliyev isə bildirib ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi irəli sürülən təkliflər üzrə razılaşmaların əldə edilməsi üçün zəruri dəstəyi verməyə hazırdır. O, Azərabycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq deyib ki, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələr olduqca çoxşaxəlidir. Hökumətlərarası Komissiyanın 7-ci iclası yeni prioritetlərin müzakirəsi və razılaşmaların əldə edilməsi ilə iqtisadi münasibətləri daha da inkişaf etdirəcək. Polşada keçiriləcək tədbirdə yekun olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.


Facebook-da paylaş Printer