Gerb

15.01.2016 Mətnin ölçüsü Plus Minus

   2015-ci il qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu.
   Rusiya və Qərb arasındakı gərginliklər, Rusiya-Suriya-Türkiyə problemi, regionu sarmış İŞİD fəlakəti, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, eləcə də Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur.

     Müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan opponentə ciddi təzyiq vasitəsinə çevrilmişdir.
     Dünya bazarında neftin qiymətinin kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə yəni, ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Rezerv Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEK ölkələrinin neft hasilatını artırması və hasilatı azalda bilməməsi, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur.
     Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin etmişdir.
     Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhranda yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, iqtisadi artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır.
     Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji komleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan geniş miqyaslı islahatlar nəticəsində respublikamızda ümumidaxili məhsul istehsalı əhəmiyyətli dərəcədə artmış, Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir.
     Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi yanacaq-energetika kompleksi də zaman-zaman inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir.
     Bu baxımdan, qlobal proseslərin doğurduğu bütün çətinliklərə rəğmən energetika sahəsində 2015-ci ildə də bir sıra ciddi nailiyyətlər əldə edilmiş, bu sahəyə böyük həcmli investisiyaların qoyulması, müasir texnologiyaların tətbiqi tədbirləri özünü doğrultmuş, ölkəmizdə müasir enerji infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən ardıcıl işlər uğurlu nəticələrlə müşayiət olunmuşdur. Bu nəticələrin mühüm bir qismi hasilata aiddir. Belə ki, dövlət rəhbərinin ölkəmizdə karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qarşısında hasilatda azalma prosesinin dayandırılması və yenidən artımın əldə edilməsi ilə bağlı müəyyən etdiyi konkret vəzifələr, Azərbaycan Prezidentinin bu məsələdə tutduğu prinsipial mövqe, eləcə də yanacaq-enerji kompleksinə qoyulmuş böyük həcmli investisiyaların və müasir texnologiyaların tətbiqi 2015-ci ildə neft hasilatında sabitliyi, qaz hasilatında isə artımı təmin etmişdir. 2015-ci il ərzində respublikada 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilmiş, hasil olunan neftin 31 milyon tonu (867,0 min ton proqnozdan çox) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun, 2,3 milyon tonu “Şahdəniz”in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşmüşdür.
     Ötən il respublikadan 35,1 milyon ton neft ixrac edilmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və böyük siyasi iradəsi sayəsində inşa edilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin nəqlində yenə də müstəsna rol oynamışdır. Gündəlik ötürmə gücü 1,2 milyon barel olan boru kəməri vasitəsilə hazırda AÇG nefti və “Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır.
     Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 milyard kubmetr həcmində qərarlaşmışdır. Bunun 22,2 mlrd.kubmetri AÇG (12,3 mlrd.kubmetr) və “Şahdəniz” ( 9,9 mlrd.kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 milyon kubmetr artıq təbii qaz çıxarılmışdır. Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur.
     Gələn il üçün proqnozlaşdırılan qaz hasilatı isə SOCAR üzrə 6,3, “Şahdəniz” üzrə 10,1, AÇG üzrə 12,9 mlrd.kubmetr civarında müəyyənləşdirilmişdir. Qaz hasilatı ilə bağlı proqnozlardan bəhs edərkən, dərin kədər hissi ilə qeyd etmək lazımdır ki, ötən il dekabrın 4-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərmişdir. Qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri, şübhəsiz ki, gələn ilin göstəricilərində öz əksini tapacaqdır.
     Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq fədakar Azərbaycan neftçiləri öz fəaliyyətlərini əzmlə davam etdirərək, neft tariximizə yeni-yeni uğurlar bəxş etməkdədirlər. Belə ki, 2015-ci ildə AÇG yataqlar blokunda 9 yeni neft hasilat və 1 suvarma quyusu qazılmış, geoloji–kəşfiyyat, yeni yataqların kəşfi istiqamətində mühüm işlər aparılmışdır. 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji kəşfiyyat işləri başlamış, “Şəfəq-Asiman” dəniz bloku üzrə seysmik məlumatların interpretasiyası başa çatdırılmışdır.
     Həmçinin, gələcək kəşfiyyat işlərinin mümkünlüyünü müəyyənləşdirilməsi geoloji və geofiziki tədqiqatların aparılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın "RWE Dea" şirkəti Xəzərdə, Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə Saziş imzalamışlar.
     2015-ci ildə energetika sahəsində əldə edilmiş nailiyyətlərin mühüm bir qismi də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “ 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində ölkəmizin ayrı-ayrı yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı olmuşdur.
     Ölkənin hər bir yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrimizin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun illər qaz təchizatından kənarda qalmış yaşayış məntəqələri də “mavi yanacaq”la təmin olunmuş, əhalinin və sənayenin təbii qazla təminatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması istiqamətində görülən işlər ölkənin qaz təsərrüfatının dinamik inkişafına yol açmışdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təchizatının daha etibarlı qaydada təminatı məqsədilə Nehrəm duz yatağı bazasında, Tumbul sahəsində qazsaxlama anbarının da yaradılmasına başlanmışdır.
     Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində də görülən tədbirlər və islahatlar ölkənin elektrik enerjisinə tələbatının tam ödənilməklə ixrac potensialını artırmış, bu nailiyyətlər Azərbaycanın sosial-iqtisadi inkişafına töfhə vermişdir. Belə ki, ölkənin elektroenergetika sisteminin generasiya gücü 7129 MVt-a çatdırılmış, 2015-ci ildə elektrik enerjisinin istehsalı 22,5 milyard. kVts, İES-lərdə 20,9 milyard.kVts, SES-lərdə isə 1 ,6 milyard.kVts enerji istehsal olunmuşdur.
     Ümumilikdə, 2015-ci ildə 22 524,3 mln.kVt enerjinin istehsalına 4,7 milyard kubmetr təbii qaz və 315,6 min ton mazut istifadə edilmişdir. Öz enerji təhlükəsizliyini təmin etmiş respublikamız hesabat ili ərzində 107,4 milyon kVts idxala qarşı 260,6 milyon kVts elektrik enerjisinin ixracına da müvəffəq olmuşdur. Elektrik enerjisinin isthsalı üçün müvafiq infrastrukturun inkişafı, o cümlədən yeni elektrik stansiyalarının yaradılması işi də hesabat ilində əsas prioritetlərdən olmuşdur. 2015-ci ilin 6 oktyabr tarixində açılışı həyata keçirilmiş “Göyçay” su elektrik stansiyası hazırda elektrik enerjisi istehsal edir, gücü 1,4 MVt olan “Balakən” kiçik su elektrik stansiyasında isə test rejimində elektrik enerjisi istehsal olunur. 2011-ci il sentyabrın 21-də təməli qoyulmuş, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 400 MVt gücündə yeni 2-ci həmdövrəli buxar-qaz enerji blokunun, Lerikdə gücü 16,5 MVt olan modul tipli elektrik stansiyasının, 2 dövrəli 35 kV-luq EVX-nin və 2 ədəd 35 kV-luq YS-nin, gücü 1,5 MVt olan “ İsmayıllı-2”kiçik su elektrik stansiyasının, “Oğuz-1,2,3” və “Astara” kiçik su elektrik stansiyalarının da tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Kiçik su elektrik stansiyaların mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur. Mingəçevir və Varvara su elektrik stansiyalarında yenidənqurma işləri başa çatmaq üzrədir. Gücü 920 MVt olan “Yaşma” İstilik Elektrik Stansiyasının və “Yaşma” Buxar-Qaz Elektrik Stansiyasının tikintisinə hazırlıq işləri aparılır.
     Respublika sənayesinin və əhalinin davamlı, fasiləsiz və etibarlı şəkildə elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə köhnə Elektrik Verilişi Xətləri (EVX) və ötürücü avadanlıqların yenilənməsi, yarımstansiyaların, elektrik enerjisinin paylayıcı şəbəkələrinin əsaslı təmir–bərpası işləri də mütəmadi şəkildə davam etdirilmişdir. Bakı şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə əlaqədar 220kV-luq 1-ci və 2-ci “ Nizami” hava xəttinin 1,69 km hissəsinin, həmçinin 110 kV-luq 4-cü “ Ramanı” hava xəttinin 1,5 km hissəsinin kabel xəttinə keçirilməsi işləri başa çatdırılmışdır. 220kV-luq “ Müşfiq” YS-da 220-110kV-luq elektrik avadanlıqlarının dəyişdirilməsi ilə YS-nın yenidən qurulması işləri aparılır.
     Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş” layihəsinin imzalanması ilə bağlı Azərbaycan və İran rəsmiləri arasında razılıq əldə olunmuşdur.
     Elektrik enerjisi ilə təchizatın etibarlılığının və keyfiyyətinin artırılması , o cümlədən iqtisadi səmərəliliyin əldə olunması məqsədilə 2015-ci il 10 fevral tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında Sərəncam imzalanmışdır. Bu Sərəncamla Azərbaycan Respublikası ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı əsasında elektrik enerjisi ilə təchizatının “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetirilməsi müəyyən edilmişdir.
     Qeyd olunan Sərəncamın icrası məqsədilə yaradılmış komissiyanın tərkibində Energetika Nazirliyi də təmsil olunmuş və Sərəncamdan irəli gələn vəzifələrin icrası təmin edilmişdir.
     Eyni zamanda, Energetika Nazirliyi “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti, o cümlədən SOCAR-dan alınan təbii qaza görə ödənişlərin tam aparılması, energetikanın inkişafına investisiya qoyuluşu, paylayıcı elektrik şəbəkələrində əsaslı yenidənqurma işlərinin aparılması və maliyyələşdirilməsi məsələlərinin təhlilini aparmış, müvafiq sahənin sağlamlaşdırılması məqsədilə bir sıra təkliflər irəli sürmüşdür. Hesab edirik ki, ölkəmizin müasir inkişaf mərhələsində enerji resurslarından səmərəli istifadə və maliyyə inztizamının gücləndirilməsi, eləcə də enerji istehlakına görə ödənişlərin tam təmin olunması ən vacib məsələlərdən biridir və hökumətin daimi nəzarəti altında saxlanmalıdır.
     Sirr deyil ki, bu gün dünyanın bir çox ölkələri üçün enerji effektivliyi də prioritet istiqamət olmaqla, enerji problemlərinin həllində iqtisadi cəhətdən ən effektiv və real vasitə kimi nəzərə çarpır. Enerji effektivliyi rəqabət mühitini artırmaqla istehlakçıların enerji təminatının yüksəlməsinə, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və ətraf mühitin qorunmasına, rəqabətə davamlı ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına zəmin yaradır.
     Enerji daşıyıcılarının bolluğu ölkəmizdə səmərəlilik məsələsini uzun müddət arxa planda saxlasa da, son illər bu sahəyə xüsusi diqqət yetirilməkdədir. “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında da qeyd edildiyi kimi, məqsəd 2020-ci ilə qədər bütün istehlakçıların tam və etibarlı elektrik enerjisi təchizatı ilə təmin olunmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün enerji daşıyıcılarının istehsalı, çatdırılması və satışı zamanı yol verilən itkilərin azaldılması, elektrik stansiyalarının faydalı iş əmsalının artırılması və şərti yanacağın azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir.
     Enerji səmərəliliyi, ilk növbədə, köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidənqurulması ilə bağlıdır ki, bu da elektrik enerjisinin təchizatının etibarlığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaqdır. Hazırda elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşməkdədir. Elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir. Enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, enerji səmərəliliyi sahəsinə və yanacaq-energetika sənayesinə investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılmasını zəruri edir. Bu məqsədlə, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində büdcədənkənar Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər də davam etdirilməkdədir.
     Bütün bunlardan əlavə, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramının uğurla başa çatdırılması üçün icraçılarla birgə müvafiq tədbirlər həyata keçirilmiş və Energetika Nazirliyi tərəfindən növbəti 2015-2025-ci illər üçün “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı"nın hazırlanması üzrə müvafiq işlər görülmüşdür. Eyni zamanda, “Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)”nın layihələri hazırlanmışdır.
     2015-ci ildə ölkəmizin energtika sektorunda görülən işlərin mühüm bir qismi də Azərbaycan dövlətinin yaxından iştirakı ilə gerçəkləşdirilən qlobal enerji layihələrini əhatə edir. Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
     Ötən ilin bu sahədəki ən mühüm tədbirlərindən biri “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi və digər zəruri tədbirlərin görülməsi məqsədilə, layihədə iştirakçı dövlətlərin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması və onun ilk iclasın keçirilməsindən ibarət olmuşdur. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” layihəsində təmsil olunan ölkələrin enerji nazirlərinin Məşvərət Şurası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Şuranın birinci iclası isə Azərbaycan Respublikası Prezidentinin və Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, həmçinin Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “BP-Azərbaycan” şirkətinin, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı ilə 2015-ci il 12 fevral tarixində Bakı şəhərində baş tutmuşdur. “Cənub Qaz Dəhlizi” layihələrinin bir çox ölkələrin ərazisində həyata keçirildiyini nəzərə alaraq, iclasda müvafiq ölkələrin milli qanunvericiliyi, torpaqların ayrılması, ətraf mühitin qorunması, monitorinqlərin aparılması, maliyyə və digər məsələlər müzakirə olunmuş, yekunda birgə Bəyannamə imzalanmışdır.
     Məşvərət Şurasının ilk iclasının əhəmiyyətini xüsusi qeyd edərək bildirmək istərdik ki, belə bir qarşılıqlı anlaşma, dəstək mühitində inşa olunan “Cənub Qaz Dəhlizi” Avropa Enerji Bazarına təbii qaz təchizatının yeni mənbəyinin təmin edilməsində mühüm yer tutacaqdır.
     Layihənin icrası üzrə digər müvafiq tədbirlər də il ərzində uğurla davam etdirilmişdir. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal Terminalının genişləndirilməsi ilə yanaşı 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir. Hazırda bu quyulardan 8-i artıq qazılıb qurtarmışdır. Ümumilikdə, layihə üzrə bir sıra hədəflərə qrafikdən əvvəl nail olunmuşdur: nəzərdə tutulan tədbirlər mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 50% tamamlanmışdır və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
     Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam etdirilir. Xüsusilə də platforma üst modulları və dayaq blokları uyğun olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur. Bu sahədə mühüm nailiyyətlərdən biri də layihənin ilk bərkitmə payalarının təhlükəsiz şəkildə daşınaraq quraşdırılmasından ibarət olmuşdur. Platformalar üçün ilk sabit qurğular olan bu səkkiz bərkitmə payası indi dəniz dibində yerləşdirilmişdir.
     Mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 11 milyard dollar dəyərində əsas müqavilələr təsdiqlənmiş, 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək məqsədilə daha iki müqavilə iyun ayında imzalanmışdır.
     Cari ildə Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Sinqapurdan yola salınmışdır. Bu seksiyaların çəkisi ümimilikdə 10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi “Şahdəniz-2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcəkdir.
     “Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi” layihəsi üzrə nəzərdə tutulan tədbirlər də uğurla reallaşdırılmaqdadır. Hesabat ili ərzində layihə üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilmişdir. Xüsusilə boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi mütəmadi xarakter daşımış, Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan çoxunun sahələrə çatdırılması təmin olunmuşdur.
     Ötən il iyunun sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri tikinti işlərinin tempi artan xətt üzrə davam etmişdir. Təqribən 61 km uzunluğunda borular artıq qaynaq edilmiş, 2 km isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülmüşdür.
     Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7% başa çatmış, ötən ilin iyun ayında Gürcüstanda da kəmər xəttinin inşasına başlanmışdır. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etməkdədir.
     “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə 15 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdur və onların 85 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.
     Mühüm strateji əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsi təkcə Azərbaycanın deyil, həm də gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İran təbii qazının Avropa ölkələrinə ixracına imkanlar yaradacaq, Avropanın enerji təhlükəsizlinə töhfə olmaqla yanaşı, Azərbaycanı enerji ölkəsi kimi mövqeyini daha da gücləndirəcəkdir.
Təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda qoyulmuş, Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq təxminən 12 milyard dollar dəyərində olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlayan tikinti işləri də fasiləsiz qaydada davam etdirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəd ərazilərindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
     İndiyədək TANAP-ın tikintisi üzrə işlərin 20 faizi yekunlaşmışdır. Hazırda 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülmüş, boruların 200 kilometrində qaynaqlama işləri aparılmışdır, 2016-cı ildə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulmuşdur. Tikinti ərazisində 1600-dən çox ən müasir avadanlıqlar fəaliyyət göstərir. Kəmərin tikintisində istifadə olunan boruların 80 faizi Türkiyə, digər 20 faizi isə Çin istehsalıdır.
     İqlim və ərazi şərtləri ilə bağlı problemlər ortaya çıxmazsa, layihənin vaxtında icrasında və hətta daha tez istifadəyə verilməsində problemlər olmayacaqdır.
     “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi isə Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilmişdir. TAP-ın Avropanın enerji təhlükəsizliyinə yaradacağı müsbət imkanları nəzərə alan Avropa Komissiyası yeni qaz mənbələrinin, marşrutlarının və diversifikasiyasının təmin olunması məqsədilə layihənin 3-cü hissəsinin reallaşdırılmasına icazə verilməsini qərara almışdır. Layihənin həyata keçirilməsi üçün zəruri hazırlıq işləri görülmüşdür və bu ilin əvvəlində onun inşasına başlanması gözlənilir.
     Azərbaycan bu gün Xəzər-Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Milli neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investorları özünə cəlb edən Azərbaycan artıq özü analoji funksiyanı yerinə yetirir. Bunun real mənzərəsini Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji bazarlarında müşahidə etmək olar. Region üzrə lider dövlət kimi mövqelərini gücləndirən Azərbaycan bu gün Gürcüstana ən çox investisiya yatıran dövlətdir və bu ölkədə qazpaylayıcı şəbəkənin böyük hissəsinin distribütorluğunu uğurla həyata keçirir. Gürcüstanın enerji bazarının 60 %-dən çoxuna sahib olan və qaz təchizatı sisteminin idarəçiliyini həyata keçirən Azərbaycan bu ölkədə 100-dən artıq yanacaq doldurma məntəqəsinə də malikdir. Eyni zamanda, Rumıniya və Ukraynada müasir standartlara cavab verən, yüksək tələblər əsasında qurulmuş yanacaqdoldurma şəbəkələri fəaliyyət göstərməkdədir. İsveçrədə yanacaqdoldurma məntəqələri, qazdoldurma zavodu və aviasiya yanacaqdoldurma məntəqələri, eləcə də terminallara və boru kəmərlərinə malik müvafiq təchizat və paylama şirkətinin səhmləri əldə edilmişdir.
     Türkiyədə də Azərbaycanın diqqət yetirdiyi sahələr sırasında enerji infrastrukturu əsas yer tutur və bu istiqamətdə səmərəli işlər görülür. Bu sırada ən böyük aktiv olan “Petkim” neft-kimya kompleksində istehsal olunan məhsullar hazırda Türkiyə bazarının təqribən 25 faizini əhatə edir. Azərbaycan tərəfinin həyata keçirməyi planlaşdırdığı yeni sərmayələr hesabına müəssisənin istehsal gücünü artırmaqla, bu kompleksin istehsalat ərazisində 10 milyon ton neft emalı gücünə malik olan “STAR” neft emalı zavodunun inşa edilərək, yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır. Zavodun tikintisi işləri qrafikə uyğun davam etdirilir.
     Kifayət qədər çətin bir il olan 2015-ci ilin yekunlarını nəzərdən keçirərkən görürük ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsinə rəğmən, respublikamızın daxili potensialına əsaslanmaqla həyata keçirilən uğurlu iqtisadi siyasət dinamik inkişaf tempinin bu il də qorunub saxlanmasına şərait yaradacaqdır. Qlobal böhranın təsirləri isə ölkə iqtisadiyyatı qarşısında yeni vəzifələr müəyyənləşdirir və bir sıra perspektivlər açır.
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2015-ci il tarixli iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vəzifə və perspektivləri nəzərdə tutaraq demişdir: “2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.
     Dövlət rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrin təhlili onu söyləməyə əsas verir ki, Azərbaycan yeni situasiyada da bütün strateji planlarını yerinə yetirərək sosial-iqtisadi inkişaf proseslərini davam etdirmək üçün əsaslandırılmış, aydın proqramlara malikdir və qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir.






Natiq Əliyev
Azərbaycan Respublikasının energetika naziri


Facebook-da paylaş Printer