Ölkənin istilik təchizatı infrastrukturunun vəziyyəti ilə bağlı müzakirələr aparılıb

 

Energetika Nazirliyində Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin “Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması” strateji hədəfi üzrə tədbirlərin icra vəziyyətinə dair iclas keçirilib.

İclasda coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla ölkədə optimal istilik enerjisi təchizatı sisteminin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə görülmüş işlərə dair hesabat təqdim edilib. Aparılmış təhlil və araşdırmalar əsasında hazırlanmış hesabatda istilik təchizatı sisteminin mövcud vəziyyəti, əsas texniki, iqtisadi və maliyyə göstəriciləri, alternativ və bərpa olunan enerji mənbələrinin istilik məqsədləri üçün istifadə imkanları, rayonların istilik təchizatı sistemində itkilər və bu itkilərin azaldılması üçün tövsiyələr əksini tapıb.

Bildirilib ki, tövsiyələr Bakı şəhəri və respublikanın regionlarında mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin bərpası, yaşayış binalarında və sosial obyektlərdə aşağı paylama və məhəllədaxili istilik sistemlərinin yenidən qurulması, mövcud qazanxanaların modernləşdirilməsi, yeni istilik mənbəyinin yaradılması üçün atılacaq addımları müəyyənləşdirir. İsitmə məqsədilə alternativ və bərpa olunan enerjidən istifadə imkanlarının qiymətləndirilməsi müsbət qiymətləndirilib. Qeyd olunub ki, istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi ilə bağlı istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı qaydalarının müəyyən edilməsi, istilik təchizatı müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi məqsədi ilə “İstilik enerjisindən istifadə Qaydaları” hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılmaqdadır.

İclasda İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azəristiliktəchizat” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib.

 

IMG 1720

IMG 1731

IMG 1735

IMG 1758

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.