Energetika naziri IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda iştirak edib

 

Bakıda SOCAR-ın dəstəyi ilə IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumu keçirilib. Tədbirdə energetika naziri Pərviz Şahbazov iştirak edib.

Nazir Pərviz Şahbazov tədbirdə çıxış edərək, bu tədbirin Xəzər və Mərkəzi Asiya adı altında keçirilməsinin Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin iki regionu uzunmüddətli layihələrlə bir-birinə bağladığının bariz nümunəsi  kimi  qeyd edib.

Nazir bildirib ki, son vaxtlar neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft riskli bir enerji resursuna çevirib, bu isə neft ölkələrini bu riskləri azaltmaq üçün bazarın tənzimlənməsi kimi əlavə bir öhdəliklə yükləyib. “OPEC plus” formatında qəbul edilmiş qərarların neft bazarını tarazlaşdıran əsas mexanizm olduğunu bildirən nazir, geosiyasi qeyri-sabitliyin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlığın vacibliyini və Azərbaycanın bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdaşı olduğunu vurğulayıb. “Hazırda neftin qiyməti qənaətbəxşdir,  dekabr qərarının icra səviyyəsi aybaay yüksəlir. İyunda  hasilatın məhdudlaşdırılması ilə bağlı   yeni qərarın qəbulu isə  bir sıra faktorlar və kommersiya ehtiyatlarından asılı olacaq.”

Nazir OPEC-ə üzv ölkələrlə, enerji sahəsində fəaliyyət göstərən bir çox şirkətlərlə yaradılan əməkdaşlıq imkanlarından da danışaraq, Energetika Nazirliyinin 2019-2021-ci illərdə yanacaq-enerji balansı üzrə proqnozlarını diqqətə çatdırıb. Bildirib ki, ölkədə neft hasilatında sabitlik, qaz hasilatı və ixracında isə artım gözlənilir: “Bu dövrdə  də Azərbaycanın neft–qaz sənayesinin başlıca inkişaf mənbəyi rolunu “Azəri-Çıraq-Günəşli” yataqları və “Şahdəniz” yatağı oynayacaq.  Bu il qaz hasilatında 19 faiz, qaz ixracında isə 25 faiz artım, 2021-ci ildə qaz hasilatının 45 milyard kubmetrə çataçağı proqnozlaşdırılır”, deyə nazir əlavə edib.

Nazir həmçinin Azərbaycanı emal məhsullarının istehsalı və ixracında aparıcı ölkəyə çevirmək, bu məhsullar hesabına ölkə iqtisadiyyatına mənfəət qazandırmaq məqsədilə emal sektorunda həyata keçirilən layihələrdən danışıb və ölkəmizin regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin neft-qaz və neft-kimya məhsullarının idxal-ixracı əməliyyatlarının daha sərfəli şərtlərlə aparılmasına geniş imkanlar yaratdığını qeyd edib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.