“OPEC plus” ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransı keçirilib

 

Bakıda  14 neft ölkəsi və OPEC Katibliyinin iştirakı ilə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransı keçirilib. Energetika naziri Pərviz Şahbazov bildirib ki,  martın 17-18-də Bakıda keçirilmiş hər iki OPEC tədbiri uğurla keçib. Azərbaycan OPEC+ formatının fəal üzvü kimi neft bazarında balansın qorunmasına öz töhfəsini verib və bu sazişi gələcəkdə də dəstəkləyəcək. Öhdəliklərin icrası ilə bağlı suala cavabında isə nazir deyib ki, son iki il ərzində Azərbaycan OPEC+ sazişi çərçivəsində öhdəliklərini artıqlaması ilə yerinə yetirib:

“Ötən ilin dekabrında Azərbaycan üzərinə yeni öhdəliklər götürdü. Bu ilin ilk yarısı ərzində Azərbaycan öz öhdəliklərini tam yerinə yetirəcək. Artıq gələn ay nəticələr daha yaxşı olacaq”.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih isə deyib ki, Azərbaycan neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin digər iştirakçı ölkələri üçün nümunədir. Nazir bildirib ki, söhbət təkcə həcmdən deyil, Azərbaycanın çox fəal iştirakından da gedir: "Əminəm ki, Azərbaycan xüsusilə OPEC+ xartiyasının təsdiq olunmasından sonra hər zaman razılaşmanın liderlərindən biri olacaq. Biz həmişə yeni iştirakçıları alqışlamaqdan şadıq və ümid edirik ki, Azərbaycan bizə yeni ölkələri cəlb etməkdə kömək edəcək".

Nazir deyib ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib. Tədbirdə iştirak edən bütün ölkələr yaxın aylarda könüllü şəkildə neft hasilatını azaldacaqlarını həm kollektiv halda, həm də ayrı-ayrılıqda Komitəyə bəyan ediblər. Onun sözlərinə görə, bazarda  komersiya neft ehtiyatları artmaqdadır, ona görə də ehtiyatların azalması bir neçə ay çəkəcək.

Mətbuat konfransında qeyd olunub ki, Birgə Monitorinq Komitəsinin növbəti iclası bu ilin mayında Ciddədə keçiriləcək. Dörd ölkə - İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri Birgə Monitorinq Komitəsinə yeni üzv seçilib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.