Qaz İxrac edən Ölkələrin Forumu (Gas Exporting Countries Forum - GECF)

 

Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə 13 qaz ixrac edən ölkə (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qatar, Liviya, Nigeriya, Rusiya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən Tehran şəhərində yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var.

26 photos

Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizini, boru kəmərləri ilə ticarətin 35 faizini, LNG istehsalının 85 faizini cəmləşir. Qaz İxrac edən Ölkələr Forumunun ilk sammiti 2011-ci ildə Qətərdə, ikincisi isə 2013-cü ildə Moskvada, üçüncüsü isə 2015-ci ildə Tehranda keçirilib.

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

2014-cü ilin 29 noyabr tarixində Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelinin Bakıya səfəri zamanı Forumua üzv dövlətlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqları və qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağı fikri səsləndirilib.

2015-ci ildə Tehranda keçirilən 3-ü sammitdə Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna müşahidəçi qismində qəbul olunub. Sammitin nəticəsi kimi imzalanan "Tehran Bəyannaməsi”ndə Azərbaycanın Forumda müşahidəçi statusu aldığı qeyd olunub. Sammitdə energetika naziri Natiq Əliyev iştirak edib.

Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan dövlətlərin energetika nazirləri təşkilatın yeni baş katibini seçiblər. GECF-in əvvəlki rəhbəri iranlı Hüseyn Adeli təkrar təşkilatın baş katibi postuna seçilib.

2016-cı ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib. H.Adeli         Qaz İxrac edən Ölkələrin Forumunun Boliviyada keçiriləcək IV Sammitinə

Azərbaycanın dəvətli olduğunu diqqətə çatdırıb.Forumun baş katibi ilə Energetika Nazirliyində də görüş keçirilib.

07 noyabr 2016-cı il tarixində Doha şəhərində GECF-in iştirakçı dövlətlərin milli nümayəndələrinin iştirakı ilə GECF-in Texniki-İqtisadi Şurasının (TİŞ) 4-cü iclası keçirilib, 17 noyabr tarixində isə Qaz İxrac edən Ölkələrin Forumunun 18-ci Nazirlər toplantısı baş tutub. Nazirlər Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakı 01 yanvar 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinə kimi Nazirlər Toplantısının sədri və Ekvatorial Qvineya Respublikasının Mədən Sənaye və energetika naziri Qabriel M.Obianqı həmin dövr üçün sədr əvəzləyicisi təyin ediblər.

Qaz İxrac edən Ölkələrin Forumunun 19-cu Nazirlər toplantısı 04 oktyabr 2017-ci il tarixində Moskvada keçirilib.

Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 24 noyabr 2017-ci il tarixində Boliviyanın Santa Kruz şəhərində keçirilmiş IV Zirvə Toplantısında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.