Avropa İttifaqının INOGATE Proqramı

 

İNOGATE Proqramı - Avropa İttifaqı, Qara dəniz ətrafı və Xəzər dəniz ətrafı ölkələr, həmçinin onlarla qonşu ölkələr arasında energetika sferası üzrə beynəlxalq əməkdaşlıq layihəsidir.

İNOGATE Proqramı çərçivəsində həyata keçirilən layihələr Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və onların icraçıları da müvafiq tender əsasında ölkələrin heç bir iştirakı olmadan AK tərəfindən müəyyənləşdirilir. İNOGATE Proqramı öz fəaliyyətinə 1995-ci ildə başlayıb və ilkin vaxtlarda ancaq neft və qaz sahəsini əhatə edib. Sonradan tərəfdaş ölkələrin əməkdaşlığı bu proqramın səlahiyyətlərinin genişləndirilməsi üçün müəyyən potensialların və arzuların mövcudluğuna gətirib çıxarıb.

Bu prosesdə İNOGATE Tərəfdaş ölkələrin 2004-cü ildə Azərbaycanda keçirilən Nazirlər Konfransında qəbul edilmiş “Bakı təşəbbüsü” mühüm rol oynayıb. İştirakçı dövlətlər bu görüşdə öz regionlarında regional enerji bazarının inkişafına dəstəkdə, enerjidaşıyıcıların dayanıqlı və təhlükəsiz nəqlində, yeni enerji infrastrukturlarının yaradılmasına investisiyaların cəlb olunması üçün ölçülər götürülməsində, enerji səmərəliliyi siyasəti və proqramının yerinə yetirilməsində, həmçinin onların enerji bazarlarının Aİ bazarına inteqrasiyasında tədricən müvəffəqiyyət əldə olunmasında ümumi maraqlarının olduğunu təsdiq ediblər.

İNOGATE Proqramının inkişafında digər mühüm bir addım 2006-cı ilin noyabr ayında Qazaxıstanda keçirilmiş Nazirlər Konfransı hesab edilir. Konfransın yekun sənədi olaraq Astana Bəyannaməsi imzalanıb. Sənəd vasitəsilə Aİ, Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri arasında enerji üzrə əməkdaşlığın aşağıda qeyd edilmiş olan 4 prioritet sahə üzrə həyata keçirilməsi müəyyənləşdirilib.

1.İştirakçı ölkələrin xüsusiyyətləri nəzərə alınmaqla Aİ daxili enerji bazarının prinsiplərinə uyğun olaraq enerji bazarlarının yaxınlaşdırılması (Enerji bazarının liberallaşdırıİması üçün qanunvericilik, tənzimləyici və institusional bazanın uyğunlaşdırılması);

2.Enerji nəqli şəbəkələrinin təhlükəsizliyinin və etibarlılığının möhkəmləndirilməsi;

3.Enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji mənbələri, enerjidaşıyıcıların hasilatının, nəqlinin və istifadəsinin ekoloji aspektləri məsələlərinin həlli yolu ilə dayanıqlı inkişaf siyasətinin həyata keçirilməsi;

4.Ümumi maraq kəsb edən enerji layihələrinin investisiya təminatına dəstək.

Proqramda ölkəmizi Milli əlaqələndirici qismində Energetika Nazirliyi təmsil edib.

14-18 aprel 2008-cil tarixində Brüssel şəhərində Avropa İttifaqının İNOGATE proqramı çərçivəsində keçirilən “Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri və tələbatın idarə olunması –davamlı yol” tədris kursları təşkil olunub.

09-13 fevral 2009-cu il tarixində Brüssel şəhərində proqram çərçivəsində “Enerji təhlükəsizliyinə dair seminar” keçirilib.

25-27 aprel 2010-cu il tarixində Ukraynanın Kiyev şəhərində İNOGATE Proqramı çərçivəsində “Elektroenergetika sektorunda standartların uyğunlaşdırılması” layihəsinə dair birinci əlaqələndirici iclas olub.

17-22 may 2010-cu il tarixində Brüssel şəhərində İNOGATE Proqramı üzrə dövlətlərin və İşçi qrup üzvlərinin iclasında iştirak edilib.

08-12 dekabr 2010-ci il tarixində Moldovanın Kişinyov şəhərində “Elektroenergetika sektorunda standartların uyğunlaşdırılması” layihəsi üzrə keçirilmiş təlim-seminarda iştirak edilib.

16-23 yanvar 2011-ci il tarixində Brüssel şəhərində “Elektroenergetika sektorunda standartların uyğunlaşdırılması” layihəsi üzrə təlim-seminar keçirilib.

07-09 fevral 2011-ci il tarixində Kiyev şəhərində İNOGATE Proqramı çərçivəsində həyata keçirilən “Elektroenergetika sektorunda standartların uyğunlaşdırılması” layihəsinin başa çatdırılması ilə əlaqədar yekun konfransda iştirak təmin olunub.

17-21 may 2011-ci il tarixində Brüssel şəhərində İNOGATE Proqramı üzrə ölkə koordinatorlarının və işçi qrupu üzvlərinin növbəti yarımillik toplantısı olub.

13-15 dekabr 2011-ci il tarixində Brüsseldə İNOGATE proqramı çərçivəsində işçi qrupunun və iştirakçı ölkələrin koordinasiya iclasında və SEMİSE layihəsinin yekun konfransında iştirak edilib.

2012-ci ildə Brüsseldə İNOGATE proqramı çərçivəsində işçi qrupunun və iştirakçı ölkələrin koordinasiya iclası və SEMİSE layihəsinin yekun konfransında Energetika Nazirliyi təmsil olunub.

4 aprel 2013-cü il tarixində Energetika Nazirliyi və İNOGATE Proqramının Texniki Katibliyinin birgə təşkilatçılığı ilə “Nəqliyyat sektorunda enerji səmərəliliyi” mövzusunda seminar keçirilib.

10 may 2013-cü il tarixində Energetika Nazirliyində İNOGATE Texniki Katibliyinin və Beynəlxalq Enerji Agentliyinin təşkilatçılığı ilə hər bir üzv ölkənin enerji sektoru üzrə Status Hesabatının hazırlanmasına dair təqdimat mərasimi olub.

20 sentyabr 2013-cü il tarixində İNOGATE Proqramının Enerji statistikası üzrə Fəaliyyət Planının icrasına dair seminarda iştirak edilib.

17 iyul 2014-cü il tarixində Energetika Nazirliyində Avropa İttifaqının İNOGATE Texniki Katibliyinin təşkilatçılığı ilə Proqram üzrə İnformasiya tədbiri həyata keçirilib.

25-27 noyabr 2014-cü il tarixində Xorvatiyanın paytaxtı Zaqrebdə “Enerji Statistika Şəbəkəsi” üzrə iclas, “Enerji Statistikasına dair İş Planı”nın (2012-2014-cü illər üçün) nailiyyətlərinə və Enerji Statistikası, yanacaq-enerji balansları və planlaşdırma üçün təqdim olunan məlumatların keyfiyyətinin təkmilləşdirilməsinin vacibliyinə həsr olunmuş Beynəlxalq Konfransda iştirak edilib.

2015-ci ildə bu Proqram üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətləri hazırlanıb.

2015-ci ildə İNOGATE Proqramı çərçivəsində layihələr yekunlaşdırılıb və Proqram üzrə fəaliyyət dayandırılıb.

9 mart 2016-cı il tarixində İNOGATE Texniki Katibliyi tərəfindən “Azərbaycanın energetika sektorunda Müstəqil Tənzimləyici orqanın yaradılması üçün ümumi planlaşdırma, gələcək inkişaf və problemlər üzrə” keçirilmiş seminara Energetika Nazirliyinin nümayəndələri də cəlb olunub.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.