Avropa İtifaqı ilə Əməkdaşlıq

 

Avropa İttifaqı Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 01 iyul 1999-cu il tarixində qüvvəyə minmiş "Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" (TƏS) təşkil edir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir.Azərbaycanla qurum arasında əlaqələrin hüquqi çərçivələrini müəyyənləşdirən digər sənədlər bunlardır:

14 noyabr 2006-cı il tarixində imzalanmış Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı;

07 noyabr 2006-cı il tarixində imzalanmış Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu;

16 iyun 2008-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi;

7 may 2009-cu il tarixində imzalanmış Şərq Tərəfdaşlığı Bəyannaməsi;

13 yanvar 2011-ci il tarixində imzalanmış Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair “Birgə Bəyannamə”;

13 yanvar 2011-ci il tarixində imzalanmış Azərbaycan və Aİ arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu;

13 yanvar 2011-ci il tarixində imzalanmış Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Avropa Komissiyası və Azərbaycan Respublikası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama (MİP) dair Anlaşma Memorandumu;

13 yanvar 2011-ci il tarixində imzalanmış Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu;

13 iyun 2014-cü il tarixində "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Azərbaycanın İttifaq proqramlarındakı iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə, bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə Protokol".

21 may 2018-ci ildə Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı  Avropa İttifaqının ekspertləri və “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

3 iyul 2018-ci ildə Energetika Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Merlərin Razılaşması Təşəbbüsü- Öhdəlikdən İcraya Doğru” mövzusunda bələdiyyələrin iştirakı ilə seminar keçirilib.

03 İyul 2018-ci ildə Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı,  bir sıra  dövlət qurumları, şəhər və rayon bələdiyyə nümayəndələri və  ekspertlərin iştirakı ilə "Merlərin Razılaşması Təşəbbüsü – Öhdəlikdən İcraya Doğru" mövzusunda seminar keçirilib.

24 sentyabr 2018-ci il tarixindən Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Azərbaycanı Milli Əlaqələndirici qismində Energetika Nazirliyi təmsil edəcək. Avropa Komissiyası Energetika Nazirliyini Milli Əlaqələndirici qurum kimi qeydiyyata alıb və “Merlər Razılaşmasının Milli Əlaqələndiricinin Bəyannaməsi” ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin icrasına icazə verib.

26 sentyabr 2018-ci ildə Avropa İttifaqının EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.