BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası-Kioto Protokolu

 

1995-ci ildə Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Respublikası Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə bu Protokola qoşulub.

Kioto Protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto Protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008-2012-ci illər) başa çatdıqdan sonra 2012- ci ildə Doha şəhərində 18-ci Tərəflər Konfransında Kioto Protokolunun ikinci mərhələsi (2013-2020-ci illər) üzrə Doha əlavəsi qəbul edilib.

Bununla əlaqədar ölkələrin bu sahədə verə biləcəyi töhfələrin artırılması və potensialın gücləndirilməsi üçün BMT Baş Katibinin çağırışı ilə 23 sentyabr 2014-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Yüksək Səviyyəli İqlim Sammiti keçirilib. Adı çəkilən Sammitdə Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə yanaşı, İqtisadiyyat və Energetika Nazirliklərinin nümayəndələri də iştirak edib.

2016-cı ildə aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Mənzil Qərargahında BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib və bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan Respublikası Hökuməti adından, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub.

Konvensiyanın 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq Tərəf ölkələr iqlim dəyişmələri sahəsində hazırkı milli şərait ilə bağlı müntəzəm olaraq Konvensiyanın katibliyinə atmosferə atılan istilik effekti yaradan qazların emmisiya mənbələri, səviyyəsi və onların azaldılması istiqamətində görülən işlər barədə həm ölkə, həm də sektorlar üzrə hesabatlar təqdim edir. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır. Qeyd edək ki, “Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasına Dördüncü Milli Məlumatın və iki illik hesabatının hazırlanması” layihə sənədi 2016-cı ildə imzalanıb. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb və bu işçi qrupda Energetika Nazirliyinin nümayəndələri də iştirak edirlər.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.