Dünya Energetika Şurası

 

Dünya Energetika Şurasının (DEŞ) əsası 1923-cü ildə qoyulub və BMT yanında akkreditə olan təşkilatdır. Baş ofisi Londonda yerləşən DEŞ Milli Komitələri ilə təmsil olunan 93 üzv ölkəni (Müstəqil Dövlətlər Birliyindən- Rusiya, Ukrayna, Qazaxıstan, qonşu ölkələrdən Türkiyə və İran), həmçinin 3000-dən çox hökumət və özəl müəssisələri, elmi dairələri və qeyri-hökümət təşkilatlarını özündə birləşdirir.

DEŞ bütün bu qurumların birləşdiyi bir platformadır və bu xüsusiyyətlərini nəzərə alaraq təşkilatı bir şəbəkə də adlandırmaq olar. DEŞ qlobal, regional və milli enerji strategiyaları barədə məlumat mübadiləsinin aparılması, bu istiqamətdə seminar, konfrans və sair tədbirlərin təşkili, tədqiqatların aparılması və digər vasitələrlə beynəlxalq enerji dialoquna öz töhfəsini verməkdədir.

DEŞ-in məqsədi bütün bəşəriyyətin ümumi faydası üçün dayanıqlı enerji təchizatının təşviqi, qısa və orta müddətli enerji təchizatı istiqamətində tədqiqatların aparılması, ətraf mühitin qorunması, enerji tələbatı və təchizatının asanlaşdırılması istiqamətində seminar, konfrans və sair tədbirlərin təşkili, enerji sektorunda fəaliyyət göstərən qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərindən ibarətdir.

Təşkilatın qərargahı Londonda yerləşir və DEŞ İdarə Heyəti, Mütəxəssislər Şurası və Seçilmiş Sədrə hesabat vermə öhdəliyi olan Baş Katib tərəfindən rəhbərlik olunur.

Təşkilatın əsas funksiyaları dünyanın müxtəlif ölkələrindən seçilmiş üzvlərin olduğu Daimi Komitə tərəfindən həyata keçirilir. Təşkilatın strateji istiqamətlərinin nəzərdən keçirilməsi və müəyyənləşdirilməsi üçün ildə bir dəfə icraçı Assambleyanın iclası keçirilməkdədir.

DEŞ-in adıçəkilən fəaliyyət istiqamətləri üç ildən bir keçirilən Dünya Enerji Konqresi tərəfindən təsdiqlənir.

DEŞ-in tərkibində hazırda müxtəlif istiqamətləri əks etdirən Üzv Komitələr mövcuddur ki, dövlətlər də öz nümayəndələri vasitəsilə öz maraq dairələrinə uyğun olaraq bu Üzv Komitələrin birində təmsil oluna bilərlər.

2008-2009-cu illərdə DEŞ-ə üzv olmaq üçün Milli Komitənin yaradılması məqsədilə danışıqlar aparılıb və Azərbaycanın quruma birbaşa üzvlüyə qəbul edilməsi üçün razılıq əldə edilib.Ölkənin Milli Komitəsinin yaradılması tövsiyyə olunub. Lakin üzvlük haqqı və bir sıra digər səbəblərdən quruma birbaşa üzvlük baş tutmayıb.

Ölkəmizin Avroasiya Regional Komitəsinin tərkibində DEŞ-ə üzvlüyü ilə bağlı Energetika Nazirliyinə daxil olmuş müraciət energetika sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlarla müzakirə edilərək, quruma komitələr tərkibində deyil, yalnız birbaşa üzvlüklə bağlı qərar verilib.

08 aprel 2019-cu ildə Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb. Görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı,  texnologiyaların  tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların  müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.