CƏNUB QAZ DƏHLİZİ

 

Şahdəniz Mərhələ2 çərçivəsində hasil edilən qazı Avropaya nəql edəcək nəhəng qaz boru kəməri layihəsidir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

Layihə 4 hissədən ibarətdir:

1.Şahdəniz Mərhələ-II

2.Cənubi Qafqaz Boru Kəməri (CQBK)

3.Trans-Anadolu Boru Kəməri (TANAP)

4.Trans-Adriatik Boru Kəməri (TAP)

Boru xəttinin uzunluğu 3500 km-dir. TANAP - 1850 km, TAP - 878 km, CQBK - 691 km.

Cənub Qaz Dəhlizi müxtəlif maraqlı tərəfləri - o cümlədən 7 hökuməti və 11 şirkəti özündə birləşdirən mürəkkəb bir layihədir. İlkin mərhələdə Türkiyəyə 6 mlrd. m3, Avropaya 10 mlrd. m3 qaz nəqli nəzərdə tutulur. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

29 may 2018-ci il tarixində Bakıda“Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb.

Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 mlrd.ABŞ dollardır.

 

ŞAHDƏNİZ MƏRHƏLƏ-2

“Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 mlrd m3 qazdan əlavə 16 mlrd m3 qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz qazı 2500m hündürlüyə qalxaraq və dəniz dibində 800m dərinliyinə enərək 3500km məsafə boyunca nəql ediləcək. Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:

  • körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;
  • 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;
  • quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası;
  • dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;
  • yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi.

“Şahdəniz Mərhələ 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün işlər 100% tamamlanıb. Ümumi layihə üzrə planlaşdırılmış işlər 92.5% icra olunub.

2018-ci il iyunun 30-da “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanılıb və iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edilib.

"Şahdəniz 2" layihəsinin dəyəri 22,7 mlrd. ABŞ dolları təşkil edir.

 

CƏNUB QAFQAZ BORU KƏMƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Layihə üzrə işlərə 2013-cü ildə başlanıb. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Bu, kəmər vasitəsilə ixrac olunan qaz həcminin  artaraq ildə 23 mlrd.m3-ə çatmasını təmin edir.

Gürcüstan və Türkiyə sərhədində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq. Boru kəməri 2018-ci ildə istismara verilib. Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır. “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsi üzrə gümumi işlərin icra vəziyyəti 99,9% təşkil edir.

Layihənin ümumi dəyəri 4,5 mlrd.ABŞ dollardır.

 

TANAP

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəməri (TANAP) Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

Ümumi uzunluğu 1850 km olan TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 km, Əskişəhər-Türkiyə-Yunanıstan hissəsinin uzunluğu isə 480 km-dir. Bundan başqa, TANAP 18 km uzunluğunda sualtı hissədən də ibarətdir.

Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 mlrd m3-dir və sonradan bu həcmin 31 mlrd. m3-dək artırılması imkanı var.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə isə iyunun 30-da başlanıb. TANAP-la 2019-cu il ərzində 2 mlrd.m3, 2020-ci ildə 4 mlrd. m3 və 2021-ci ildə isə 6 mlrd.m3 Azərbaycan təbii qazının Türkiyəyə nəqli planlaşdırılır.

Ümumilikdə, layihə üzrə işlərin 99.1% tamamlanıb.

TANAP-ın ümumi dəyəri 6,96 mlrd. ABŞ dollardır.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 51%, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) - 7%, “Botaş”- 30 % və BP şirkəti -12 %.

 

TAP 

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi CQBK və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Avropaya nəqlini nəzərdə tutur.

Boru kəmərinin uzunluğu 878 km (Yunanıstan-550 km, Albaniya-215 km, Adriatik dənizi-105 km, İtaliya-8 km), diametri isə 48 düymdür (sualtı hissə-37 düym).

Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 m dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 m hündürlükdən keçəcək.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 mlrd. m3 olacaq və bu həcmin gələcəkdə 20 mlrd. m3-dək artırılması planlaşdırılır. Layihə çərçivəsində biri Yunanıstanda-Kipoidə, digəri isə Albaniyada-Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tikiləcək. TAP layihəsi üzrə işlərin təxminən 84,6 %-i yekunlaşıb.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 km-lik hissəsində tikinti işlərinin 10 %-i yekunlaşıb. TAP-ın dəniz hissəsinin inşası 2019-cu ildə həyata keçiriləcək.

TAP - ın ümumi dəyəri 4,5 mlrd. Avro təşkil edir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.