Azərbaycan Respublikasının enerji səmərəliliyi siyasəti

 

Ölkəmizin enerji səmərəliliyi siyasəti 1996-cı ildə "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi ilə həyata keçirilməyə başlanılıb. Qanunda "enerji resurslarından səmərəli istifadə — texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi” şəklində müəyyənləşdirilib.

Bu qanunla enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlət tənzimlənməsinin əsas istiqamətləri müəyyənləşdirilib, enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin əsas istiqamətləri aydınlaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 may tarixli 2918 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinin əsas tutulacağı qeyd edilib.

Ölkəmizin enerji səmərəliliyi siyasəti geniş şəkildə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (əhalinin elektrik və istilik enerjisi, su və təbii qazla təminatı) inkişafına dair Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilib. Kommunal xidmətlər sektorunda mühüm dəyişikliklərə təkan verəcək yol xəritəsinin icrası ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsində də mühüm bir addım olacaqdır.

Sənəd 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”yə "Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 1996-cı il tarixli 512 nömrəli Fərmanına uyğun olaraq enerji səmərəliliyi sahəsində dövlət siyasətini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (əhalinin elektrik və istilik enerjisi, su və təbii qazla təminatı) inkişafına dair Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilmiş enerji səmərəliliyi üzrə tədbirlərin əsas icraçısı Azərbaycan Respublikasının Energetika Nazirliyidir.

Ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsi üçün önəmli tədbirlər həyata keçirilir. Tədbirlər paralel olaraq, həm istehsal, həm də istehlak sektorunda həyata keçirilir:

İstehsal sektorundakı tədbirlərə misal olaraq müasir tələblərə cavab verən yeni elektrik stansiyalarının tikintisi, istifadədə olan stansiyaların modernləşdirilməsi, neft emalı sahəsində yenidənqurma işlərinin aparılması, energetika sistemində itkilərin azaldılması, elektrik stansiyalarının xüsusi sərfiyyatının müasir normalara çatdırılması istiqamətində görülən işləri qeyd etmək olar.

Eyni zamanda energetika sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, normativ texniki bazanın işlənilməsi, müasir standartlara cavab verən idarəetmə strukturunun yaradılması enerji səmərəliliyinin təmin edilməsinə müsbət təsir göstərməkdədir.

Enerji daşıyıcılarının istehlakında ev təsərrüfatları, nəqliyyat və sənaye sektorları əsas yer tutur. İstehlakçıların maarifləndirilməsı istiqamətində həyata keçirilən tədbirlər bu sektorlarda enerjidən səmərəli istifadə edilməsində mühüm rol oynamaqdadır.

İstehlak sektorunda həyata keçirilən tədbirlərin mühüm hissəsini əhalinin maarifləndirilməsi və istehlakçıların enerji səmərəliliyi tədbirlərinə cəlb edilməsi məqsədilə təbliğatın genişləndirilməsi təşkil edir. Enerji resurslarının səmərəli istifadə edən cihaz və avadanlıqların istifadəsi, tikinti və təmir işlərində enerji səmərəliliyi normalarına əməl edilməsi, müasir standartların tətbiqinin genişləndirilməsi, effektivlik norma və qaydalarına riayət edilməsi istehlakda səmərəliliyin təmin edilməsinin əsas hissəsini təşkil edir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.