Enerji resurslarından səmərəli istifadə

 

Müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsini zəruri edir.

Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə etibarlı təminatı, yancağın və enerji növlərinin şaxələndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə ilə yanaşı enerji resurslarından səmərəli və effektiv istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Enerji resurslarından səmərəli istifadə edilməsi dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Enerji səmərəliliyi güclü və dayanıqlı bir iqtisadiyyata malik olmaq istəyən ölkələr üçün mühüm əhəmiyyətə malikdir.

Enerji səmərəliliyi istehlak edilən enerji miqdarının istehsaldakı kəmiyyət və keyfiyyət aşağı salınmadan, iqtisadi inkişafın və rifah səviyyəsinin yüksəldilməsinə maneə yaratmadan azaldılmasıdır.

Geniş mənada enerji səmərəliliyi və enerjiyə qənaət enerji resurslarının (elektrik və istilik enerjisi, təbii qaz, benzin, dizel və s.) itkilərini azaltmaq, tullantıların və enerjinin geri qazanılmasını və dəyərləndirilməsini təmin etmək, müasir texnologiyaların və elmi texniki nailiyyətlərin tətbiqi ilə istehsala toxunulmadan enerji tələbini azaltmaq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni artırmaq kimi tədbirləri əhatə edir. Enerji səmərəliliyi yalnız resurslara qənaət edilməsinə hədəflənməyib, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə, rəqabətə davamlı və ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına, istehlakçıların enerji daşıyıcıları ilə təminatının yüksəldilməsinə, kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılmasına şərait yaratmaqdadır. Enerji səmərəliliyi təmin edilmədiyi təqdirdə ölkənin enerji resurslarına sərf etdiyi izafi vəsait iqtisadi inkişaf və sosial rifah qarşısında başlıca problem kimi qalacaqdır.

Enerji səmərəliliyinin təmin edilməsi ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin enerji təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji tutumunun azaldılması, ölkə iqtisadiyyatının rəqabətədavamlılığının gücləndirilməsi, ətraf mühitin qorunması, kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılması üçün enerji resurslarından səmərəli və effektiv istifadə edilməlidir.

Enerji resurslarından səmərəli istifadə edilməsi və son tələbatçıların enerji effektivliyinin təmin edilməsi eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlı inkişafına nail olunmasına, ixrac potensialının artmasına, istehlakçıların enerji resursları ilə təminatının yüksəldilməsinə, ətraf mühitin və enerji ehtiyatlarının qorunmasına şərait yaradır.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.