Müstəqillik əldə edildikdən sonra elektroenergetikanın inkişafı (1991-ci ildən sonrakı üçüncü dövr)

 

Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Lakin dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik energetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Avropa Yenidənqurma və İnkişaf Bankının Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,2 milyon ABŞ dolları məbləğində kredit ayırması, respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verildi.

Almaniyanın Doyçe Landens Bankının krediti hesabına isə 1 saylı Bakı İEM-də köhnə avadanlıqların əvəzinə, hər birinin gücü 53 MVt olan iki ədəd müasir buxar-qaz turbini quraşdırıldı və istismara buraxıldı.

Azərbaycan milli enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. "Energetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.

MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal” ES-inistifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 860 MVt olan yeddi (7) Modul tipli Elektrik Stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və

yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymaqla, sənaye mərkəzinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırdı. Hazırda gücü 409 MVt olan “Şimal” ES-in 2-ci blokunun tikintisi yekunlaşmaq üzrədir.

Məhz elektrik enerjisinin istehsal güclərinin belə sürətli artım dinamikası 2006-cı ildə respublikada son on beş il ərzində elektrik enerjisi istehsalının ən yüksək səviyyəsini - 24,0 mlrd kVt.saatı təmin etdi.

2009-cu ildə Sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir ES-in istifadəyə verilməsi ilə yanaşı, eyni tipli gücü 780 MVt olan “Cənub” ES 2013-cü ildə istismara verilib. Beləliklə, son on il ərzində Azərbaycan Energetika Sisteminin generasiya gücü 40%-ə yaxın yenilənib.

Elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Beləliklə, dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırmaqdadır. Azərbaycan 2011-cü ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamaqla, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start verib. Energetika sahəsində aparılacaq islahatlarla əlaqədar qanunvericilik bazasının Avropa Parlamentinin Direktivinə və Əsasnaməsinə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi Energetika Nazirliyinin fəaliyyətinin istiqamətlərindəndir. Bununla əlaqədar olaraq “Elektroenergetika haqqında” qanun, “Qaz təchizatı haqqında” qanun və “Elektrik Şəbəkəsi Məcəlləsi”, “Qaz Şəbəkəsi Məcəlləsi” layihələri hazırlanıb.

Avropa ölkələrində elektroenergetika sahəsində 1990-cı ildən həyata keçirilən islahatlar elektrik enerjisinin inhisarsızlaşdırılması və enerji bazarında rəqabət şəraitinin yaradılmasını təmin etmiş, nəticədə elektrik enerjisi qiymətlərinin və itkilərin azaldılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranmışdır.

Son 12 ildə 3 min meqavat gücündə 15 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların ümumi sayının 32-yə (bunlardan 15-i İES, 17-ci isə SES-lərdir), ümumi generasiya gücünün 7150,6 meqavata çatdırılması, ölkəmizin enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi energetika sənayesində həyata keçirilən iqtisadi siyasətin bariz nəticələridir. Qarşıdakı dövrdə isə 2400 meqavat həcmində elektrik stansiyalarının tikintisi planlaşdırılır. Bu isə ölkəmizin energetika sənayesinin möhtəşəm yüksəlişini təmin edəcəkdir.

Azərbaycan eyni zamanda beynəlxalq arenada öz enerji siyasətinin uğurla həyata keçirir və inkişaf etdirir. Artıq Azərbaycan Avropa İttifaqı ölkələrinin daxil olduğu bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT, “Şərq Tərəfdaşlığı”, QDİƏT, GÜAM-ın fəal üzvlərindəndir.

2013-cü il iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cənub" Elektrik Stansiyasının açılış mərasimində bildirib ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. “Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır. Bu o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik".

Azərbaycan Respublikasının qonşu ölkələr arasında Rusiya, Gürcüstan, İran və Türkiyə ilə elektroenergetik əlaqələri mövcuddur və həmin ölklərlə elektrik enerjisinin idxal-ixracprosesi həyata keçirilir. Rusiya istiqamətində elektrik enerjisinin ötürülmə gücü 350 MVt, İran istiqamətində isə 550 MVt ətrafındadır.

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində istismara buraxılmış 500 kV-luq Samux-Qardabani hava elektrik verilişi xətti (HEVX) ilə elektrik enerjisinin ötürülmə gücü 650 MVt təşkil edir.

Azərbaycan və Rusiya enerjisistemləri iki dövlətlərarası HEVX-ləri vasitəsilə birləşləşdirilib. Bunlar, 330/110 kV-luq “Xaçmaz” (AR) və 330/110 kV-luq “Dərbənd” (RF) yarımstansiyalarını (y/st) birləşdirən 330 kV-luq “Dərbənd” HEVX və 110/35 kV-luq “Yalama” (AR) və 110/35 kV-luq “Bilici” (RF) y/st-ləri birləşdirən 110 kV-luq “Yalama” HEVX-dir.

Azərbaycanın enerji sistemi Rusiya VES ilə vahid sinxron zonasında paralel iş rejimində fəaliyyət göstərir. Tərəflər arasında qarşılıqlı münasibətlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlıq haqqında 07.10.1995-ci il tarixli Dövlətlərarası Sazişə əsasən həyata keçirilir.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının enerjisistemləri arasında münasibətlər, müvafiq iqtisadi əməkdaşlıq üzrə müştərək Hökumətlərarası Komissiyanın qərarları ilə Tərəflər arasında bağlanmış paralel iş haqqında Müqavilə, elektrik enerjisinin alqı- satqı Müqavilələri və qəza hallarında elektrik enerjisinin ötürülməsi haqqında Müqavilələr əsasında tənzimlənir.

2001-ci ilin dekabr ayından etibarən Tərəflər arasında elektrik enerjisinin idxalı və ixracı yalnız kommersiya xarakteri daşıyır. 2007-ci ildən başlayaraq Rusiya Federasiyasına ixrac olunan elektrik enerjisinin həcmi dinamik olaraq artmış və Azərbaycan enerjisistemi müsbət saldo ilə işləyir.

Azərbaycan və Gürcüstan enerjisistemləri arasında elektrik enerjisinin mübadiləsi 330 kV-luq “Qardabani” EVX-i vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası və Gürcüstan arasında 27.12.1997-ci il tarixdə imzalanmış “Elektroenergetika sahəsində əməkdaşlıq haqqında” dövlətlərarası razılaşmaya əsasən Tərəflərin enerjisistemləri arasında “Gürcüstan və Azərbaycan enerjisistemlərinin paralel işləməsi haqqında” Müqavilə (05.08.1998-ci il tarixində) bağlanıb. Azərbaycan və Gürcüstan enerjisistemləri arasında münasibətlər, müvafiq iqtisadi əməkdaşlıq üzrə müştərək Hökumətlərarası Komissiyanın qərarları ilə Tərəflər arasında bağlanmış paralel iş haqqında Müqavilə, elektrik enerjisinin alqı-satqı Müqavilələri və qəza hallarında elektrik enerjisinin ötürülməsi haqqında Müqavilələr əsasında tənzimlənir.

Azərbaycan və İran enerjiistemləri arasında elektrik enerjisinin mübadiləsi230 kV-luq I Parsabad və 330 kV-luq II Parsabad EVX-ləri ilə həyata keçirilir. 2001-ci ilin fevral ayından başlayaraq, 230 kV-luq “Parsabad” EVX-nın istismara verilməsi ilə “Azərenerji” ASC (AR) və “Təvanir” Şirkəti (İİR) arasında imzalanmış “Elektrik enerjisinin mübadiləsi və tranziti barədə” Kontrakta (24.01.2001-ci il) əsasən İİR-dən NaxçıvanMR-ə ötürülən elektrik enerjisi ancaq enerji mübadiləsi şəklində həyata keçirilir.

Azərbaycan və Türkiyə energetika sistemləri arasında üç HEVX-lər (154 kV-luq “İqdır- Naxçıvan 1” HEVX, 154 kV-luq “İqdır-Naxşıvan 2” HEVX və 34,5 kV-luq “Sədərək” HEVX) mövcuddur.

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində Azərbaycan tərəfindən 500 kV-luq Samux-Qardabani HEVX çəkilib, Gürcüstan tərəfindən isə 500/400/220 kV-luq “Axalçixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luq EVX-intikintisi başa çatdırılıb və 2013-cü ilin sonunda istismara buraxılıb. 2016-cı ilin fevral ayından başlayaraq 500 kV-luq Samux-Qardabani HEVX vasitəsilə elektrik enerjisinin ötürülməsinə başlanılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.