Elektroenergetikanın inkişafının ikinci mərhələsi (1969-1991-ci illər)

 

Azərbaycanın müstəqil elektrik enerji sisteminə malik olmasının əsası isə ötən əsrin 70-ci illərində qoyulmuşdu. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında yaranan əsaslı dönüş - ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Mövcud istehsal sahələrində məqsədyönlü yenidənqurma işləri aparılır, sənaye üzrə yeni istehsal sahələri yaradılırdı.

1970-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyuluş gücü - 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verildi.

1971-1972-ci illərdə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi genişləndirilərək ümumi gücü 110 MVt olan iki yeni enerji aqreqatı istifadəyə verildi. 1973-1974-cü illərdə 1 saylı İstilik Elektrik Mərkəzində, hər birinin gücü 50 MVt olan iki enerji aqreqatının quraşdırılması başa çatdırıldı.

1976-1977-ci illərdə Tərtər çayı üzərində Tərtər su qovşağı və qoyuluş gücü 50 MVt olan Tərtər su elektrik stansiyası (Tərtər SES) istismara buraxıldı.

70-ci illərin sonunda respublika ərazisində mövcud olan elektrik stansiyalarının ümumi qoyuluş gücü 2882,4 MVt-a çatdırıldı və ölkə üzrə ildə 15,4 mlrd. kVt.saat elektrik enerjisi istehsal edildi.

Buna baxmayaraq elektrik enerjisinə artan tələbatını ödəməkdən ötrü Azərbaycan hər il qonşu respublikalardan 2,9-3,5 mlrd. kVt/saat elektrik enerjisi idxal etmək məcburiyyətində qalırdı. Bu məqsədlə Şəmkir Su Elektrik Stansiyasının (Şəmkir SES) və Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının (Azərbaycan DRES) tikilməsi qərara alındı. Beləliklə, qoyuluş gücü

380MVt olan Şəmkir SES-in tikintisi 1981-1982-ci illərdə başa çatdırıldı və istifadəyə verildi. Azərbaycan DRES-in tikintisinə 1974-cü ildə başlanılmışdı. Gücü 300 MVt olan birinci enerji bloku 1981-ci ildə, eyni güclü sonuncu - səkkizinci enerji bloku isə 1989-cu ildə istismara verildi. Hazırda stansiyanın qoyuluş gücü 2400 MVt-dır. Şəmkir SES və Azərbaycan DRES istismara verildikdən sonra enerji sistemin qoyuluş gücü 5000 MVt-a çatdırıldı.

Elektrik stansiyalarının istismara verilməsi ilə yanaşı, sistemtəşkiledici elektrik ötürücü xətlərin, eləcə də yarımstansiyaların tikintisi də başa çatdırıldı ki, bu da bütövlükdə respublikanın enerji sisteminin əhatəli inkişafına səbəb oldu.

Avropa İnkişaf və Yenidənqurma Bankının krediti hesabına, tikintisinə hələ 80-ci illərdə başlanılmış, lakin maliyyə çətinliyi səbəbindən tikintisi yarımçıq saxlanılmış Yenikənd SES-ininşası qısa zamanda başa çatdırılaraq istismara verildi.

İnkişafda olan Sumqayıt sənaye rayonunun artan istilik və elekrtik tələbatını ödəmək üçün “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün artırılması planlaşdırılmış və 1972-ciildə sonuncu-dördüncü turbin generatoru işə salınmışdır. Beləliklə, stansiyanın gücü 220 MVt- ya çatdırıldı. Bu da sənaye rayonunun elektrik təchizatının yaxşılaşdırılmasına imkan verdi.

Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı SES istifadəyə verildi. Hazırda bu obyekt Ermənistanın müvəqqəti işğalı altında olan ərazidədir.

1980-ci illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, ölkənin hər bir evinə elektrik xətti çəkilmişdi. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdı. 1968-71-ci illərdə 330-kV-luq Əli Bayramlı DRES-Ağdam-Gəncə-Ağstafa və Əli Bayramlı DRES-Yaşma- Dərbənd yüksək gərginlikli xətləri, həmçinin, 330/110/20 kV-luq “Yaşma”, “Gəncə” və “Ağstafa” qovşaq yarımstansiyaları inşa edilib istismara verilmişdir.

Azərbaycan İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. 500 kV-luq 1-ci Abşeron EVX, 2-ci Abşeron EVX, Muxranis-Vəli EVX, 4-cüvə 5-ci Mingəçevir EVX-lər çəkildi. 80-ci illərdə, həmçinin, 500/330/220 kV-luq “Abşeron”, 330/110/10 kV-luq “İmişli”, 220/110/10 kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verildi, 330 kV-luq 3-cü Əli Bayramlı EVX-lər istismara buraxıldı.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.