Görkəmli dövlət xadimi, “Şöhrət” ordenli əməkdar mühəndis, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Azərbaycan Respublikasının Energetika naziri vəzifələrində çalışmış mərhum Natiq Əliyevin vəfatından üç il ötür.

Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib və "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda qazmaçı, texnik-geoloq, mühəndis-geoloqluqdan şöbə rəisi vəzifəsinədək yüksəlib.

1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Direktorlar Şurasının sədri, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri, Azərbaycan Neftçilər Konqresinin prezidenti kimi fəaliyyət göstərib. Natiq Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə 24 mühüm müqavilə imzalanıb.

2005-2013-cü illərdə Azərbaycan Respublikası Sənaye və Energetika naziri, 2013-cü ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Energetika naziri vəzifələrində çalışan Natiq Əliyev, ölkədə enerji siyasətinin həyata keçirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və Azərbaycanın regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilməsində böyük xidmətlər göstərib.

Natiq Əliyev Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, enerji sektorunun ayrı-ayrı məsələlərinə dair 100-dən çox elmi əsərin müəllifi olub.

Neft sənayesinin inkişafında xidmətlərinə görə Natiq Əliyev Azərbaycan Respublikasının "Şöhrət" ordeni və "Əməkdar mühəndis" fəxri adı, Müstəqil Dövlətlər Birliyinin "Əməkdar energetiki" fəxri adı, Gürcüstanın "Şərəf " ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Qazaxıstanın "Kurmet" ordeni və bir sıra digər orden və medallarla təltif olunub.

Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!

Digər xəbərlər