Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunlarına dair Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun iştirakı ilə mətbuat konfransı keçirilib. İclasın yekunları ilə bağlı çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında ötən il ərzində həyata keçirilən işlər nəzərdən keçirilib və gələcəkdə keçiriləcək işlər müzakirə olunub. İclas çərçivəsində bir sıra qərarlar qəbul olunub: “Bu gün bu layihənin bütün komponentlərinin həyata keçirilməsini geniş müzakirə etdik. Hazırda bu layihənin bütün komponentlərinin icrası ilə bağlı vəziyyət qaneedici səviyyədədir. Prezident İlham Əliyev də layihənin yerdə qalan hissəsinin icrası ilə bağlı öz tövsiyyələrini verib".

Nazir bildirib ki, bu ilin ortalarında ilk qaz Azərbaycandan Türkiyəyə çatdırılacaq: "2020-ci ildə isə Azərbaycan qazı Avropaya çatdırılacaq”.

Azərbaycanın qaz ölkəsi kimi gələcək  strategiyası ilə bağlı suala cavabında isə nazir bildirib ki, Azərbaycan daim neft ölkəsi kimi tanınıb, amma Cənub Qaz Dəhlizi layihəsi ilə təbii qaz hasil edən ölkəyə çevrilir. Onun sözlərinə görə, hazırda bütün dünyada qaza ehtiyac artmaqdadır: "Qaz neftə nisbətən daha ekoloji məhsuldur. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Amma bu infrastruktur vasitəsi ilə biz Azərbaycan qazını Avropaya ixrac etmək imkanı əldə etmişik. Dünya qaz bazarlarına çıxmaq bizim üçün əsas prioritetlərdəndir".

Nazir qeyd edib ki, Azərbaycan neft və qaz strategiyasını uğurla həyata keçirir: "Biz bu layihə ilə Avropanın enerji təhlükəsizliyinə töhfə veririk".

"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır". Bunu isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. Onun sözlərinə görə, Avropa Komissiyası bununla bağlı yeni qərarlar qəbul edib.

"Avropa İttifaqı ölkələri istənilən enerji təchizatı məsələlərini Avropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı saziş Avropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Bu, o deməkdir ki, Avropa Komissiyasının qərarı vacibdir. Ən vacib məqam isə odur ki, biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Buna görə də bu gün biz  burdayıq. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminal şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik".

Türkmənistanın gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulma perspektivinə gəlincə vitse-prezident deyib ki, Avropa Komissiyası Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qurur və Transxəzər boru kəmərinin inşası ilə bağlı  mandatı var. Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz  Dəhlizinə qoşulması müzakirə edilir: “Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqlar marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur”.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio isə bəyan edib ki, ABŞ hər zaman "Cənub Qaz Dəhlizi" kimi layihələrin həyata keçirilməsində təşəbbüslərə dəstək verəcək. Onun sözlərinə görə, bu gün ABŞ Avropanın qaz təchizatı marşrutlarının şaxələndirilməsi siyasətini dəstəkləyir.

"Çünki, güclü Avropa bizə zəruri olan tərəfdaşdır. Biz bu tərəfdaşlarımızla üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizə apara bilirik. Təhlükəsizlik məsələsi isə ABŞ üçün prioritetlərdəndir. Biz bu gün bu toplantıda iştirak etdik. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər indiki kimi davam edərsə, bu həm beynəlxalq səviyyədə, həm də Avropa səviyyəsində təhlükəsizliyi təmin edəcək", - deyə Syu Saarnio vurğulayıb. 

Digər xəbərlər