İxrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən torpaq sahələrində təsərrüfat və tikinti işləri necə həyata keçirilir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci 4 aprel il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 2.5-ci yarımbəndinə və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 aprel tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonalarının müəyyənləşdirilməsi Qaydaları”nın 6.1-ci yarımbəndinə əsasən ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən ərazilərdə tikinti işlərinin aparılmasına icazənin verilməsi istismarçı təşkilatın (SOCAR və BP-Azərbaycan şirkəti) yazılı rəyi əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən həyata keçirilir

Eyni zamanda, “Heydər Əliyev adına Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 2.1.4-cü yarımbəndinə əsasən ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır. Bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə riayət olunmaqla, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalıdır.