Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan hansı işləri görmək qadağandır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır:

a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;

b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək;

c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək;

ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq.