Azərbaycan, Bakı öz nefti ilə dünya şirkətlərini, iş adamlarını XIX əsrin 
ikinci yarısı, XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər
burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər.
Heydər Əliyev

Azərbaycan dünyada neftin tarixi vətənidir. Hələ orta əsrlərdə ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti barədə bəhs ediblər. Mənbələrdə italyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin illik gəlirləri ilə bağlı məlumatlarına rast gəlinir.  Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə, XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. 1683-cü ildə İsveç səfirliyinin katibi kimi Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olan alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir edib. Məlumatlara görə 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırıbmış.
Azərbaycan neft sənayesinin inkişaf tarixi bir neçə mərhələlərə ayrılır:
I mərhələ - 1846-cı ildə dünyada ilk dəfə olaraq, 21 metr dərinliyində Bibiheybət neft yatağında yerləşən quyudan sənaye üsulu ilə neft çıxarılıb. Həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilib. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu inşa etdirib və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə olunub. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərib.
Mexaniki üsulla quyuların qazılması texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılırdı. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilirdi. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağının sənaye üsulu ilə işlənilməsinə  başlanıb. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilib: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca çıxarılıb. 
O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi. İcarədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşu cəmi 4% təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı idi. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) mühüm xidmətləri oldu. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılıb. 1876-cı ildə Nobel qardaşları tərəfindən Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradılır. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verildi. 
1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edildi.1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi.
1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına və neftin satışı ilə məşğul olmağa başladı. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edildi ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif etdi. Uzunluğu 833 km olan kəmərin tikintisinə 1897-ci ildə başlanıldı, 1907-ci ildə başa çatdırıldı.
Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 milyon rubl) və 37-si isə ingilis kapitalına (100 milyon funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan messenat İsa bəy Hacinskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 milyon funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdi. Bu mərhələnin sonunda neft sənayesində ağır vəziyyət yarandı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azaldı.
II mərhələ - 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı 2,4 milyon tonadək azaldı. II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilərək istismara verildi. Neft hasilatı 1941-ci ildə 23,6 milyon tona çatdırıldı ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi. 
Bununla əlaqədar S.A.Vəzirov ("Azneftkombinatın" rəisi), R.H.İsmayılov ("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 milyon tona düşdü.
7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 metr dərinliyində 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsası qoyuldu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev idi.
III mərhələ - 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi - Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlayaraq, 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilərək istismara verildi (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirildi.
Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilərək istismara verildi (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirildi. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olundu.
IV mərhələ -  1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki  avadanlıq yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 metr dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 metr dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Bu dövrdə Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu)  məhz Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
V mərhələ -  SSRİ-nin dağılmasını, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir.
1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı. Bu strategiyanın əsas müddəaları bundan ibarət idi ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnika və texnologiyanın köməyi ilə hasilatı, xarici bazarlara ixrac olunması, satışı və bu sahədən əldə olunan gəlirlər onun demək olar ki, bütün problemlərinin həlli üçün əsas ola bilər. Lakin Azərbaycan öz məhdud maliyyə və texniki imkanları ilə Xəzər dənizinin zəngin karbohidrogen yataqlarını işləməyə, kifayət qədər neft və qaz hasil etməyə qadir deyildi. Ona görə də dünya təcrübəsinə müraciət etmək, dünyanın maliyyə vəsaitinə, müasir texnika və texnologiyaya malik olan ölkələri, şirkətləri ilə əlaqə qurmaq, onların bu sahəyə sərmayə yatırmasına şərait yaratmaq lazım idi. Yalnız bu yolla Azərbaycan neft sənayesinə çox böyük məbləğdə xarici sərmayə cəlb edə, neft və qaz hasilatını artıra bilərdi. Heydər Əliyevin qətiyyəti, inandırıcı addımları sayəsində 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti- ABƏŞ) arasında “Əsrin müqaviləsi” adını almış və 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bununla da Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirilirdi. 
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra müqavilə çərçivəsində hasil olunacaq neftin Qərb bazarlarına nəqli marşrutu aktuallaşdı. Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərindən əlavə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəmərinin reallaşdırılması  zəruri hesab edildi. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir", - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə BTC-nin mifdən reallığa çevrilməsinə nail olundu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 
2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə ölkəmiz üçün rəmzi səciyyə daşıyan mühüm hadisəyə çevrildi. 
Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC tam istismara verildi.  Mərasimdə çıxışında dövlət başçısı İlham Əliyev demişdr: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".
14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıl. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.
 

Digər xəbərlər

ƏSRİN MÜQAVİLƏSİ

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse- prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəa

Neftin nəqli

Neftin Azərbaycandan qonşu ölkələrə və dünya bazarlarına nəql olunması üçün fəaliyyət göstərən üç magistral neft boru kəməri mövcuddur: