Neftin Azərbaycandan qonşu ölkələrə və dünya bazarlarına nəql olunması üçün fəaliyyət göstərən üç magistral neft boru kəməri mövcuddur:

  • Bakı-Novorossiysk boru kəməri;
  • Bakı-Supsa boru kəməri;
  • Bakı-Tbilisi-Ceyhan boru kəməri.    

Bundan başqa, neftin ölkə hüdudlarından kənara dəmir yolu vasitəsilə daşınması Azərbaycandan keçməklə, Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi və Kulevi terminalların¬dan həyata keçirilir.    


Bakı-Novorossiysk boru kəməri    

Bakı-Novorossiysk boru kəməri SSRİ dövründən (1983-cü ildən) mövcuddur. Boru kəməri Qroznı-Bakı istiqamətində xam neftin Bakıya emal üçün gətirilməsi məqsədilə istifadə olunub. 1997-ci ildən bu boru kəmərindən neftin əks istiqamətdə - Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqli üçün istifadəyə başlanıb. Bu boru kəmərində müəyyən bərpa işləri aparılaraq, 2008-ci ilə qədər AÇG neftinin və SOCAR-ın özünün hasil etdiyi neftin nəqli üçün istifadə edilib. Bundan əlavə 2001-ci ildən SOCAR-ın xarici tərəfdaşlarla birgə istismar etdiyi qurudakı yataqlardan hasil edilən neftin nəqli də bu boru kəməri vasitəsilə həyata keçirilib.    
Boru kəmərin ötürmə qabiliyyəti gündə 100 min bareldir (13,5 min ton/gün). Kəmərinin ümumi uzunluğu 1330 km təşkil edir, onun 231 km hissəsi Azərbaycanın ərazisinə düşür.
BTC boru kəmərinin tam gücü ilə işə salınmasından sonra Bakı-Novorossiysk boru kəməri vasitəsilə hazırda SOCAR-ın xarici tərəfdaşlarla birgə fəaliyyət göstərən müəssisələrinin quruda hasil etdikləri və SOCAR-ın özünün hasil etdiyi neft həcmləri ixrac olu¬nur. Boru kəmərinin Rusiyadakı hissəsinin operatoru ASC “AK “Transneft” şirkəti, Azərbaycandakı hissəsinin operatoru isə SOCAR-dır.    
Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.

 

Bakı-Supsa boru kəməri    

Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.
Bakı-Supsa marşrutu üzrə kəmərin (Qərb ixrac Boru Kəməri (QİBK)) bərpasına 1994-cü ildə başlanıb və 1998-ci ildə başa çatdırılıb. 1999-cu ilin aprelində boru kəmərinin rəsmi açılışı olub. QİBK kəməri SSRİ dövründən qalma boru kəməri əsasında tikilib, onun yenidən qurulması zamanı bəzi hissələr, eləcə də texniki avadanlıq tamamilə yeniləri ilə əvəz  edilib.
QİBK kəməri AÇG yataqlarından çıxarılan ilkin neftin Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanınadək nəql olunması üçün nəzərdə tutulurdu.
Hazırda boru kəmərinə operatorluğu BP şirkəti həyata keçirir. Bu boru kəmərinin ümumi uzunluğu 833 km təşkil edir, onun 456 km hissəsi Azərbaycanın ərazisinə düşür. Kəmərin ötürmə qabiliyyəti gündə 150 min bareldir (20 min ton/gün).

 

Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC)

Ümummilli lider Heydər Əliyev adına olan BTC boru kəmərinin tikintisinə 2003-cü ilin ap¬relində başlanıb və 2005-ci ildə başa çatdırılıb. Ceyhan dəniz limanında neft tankerinin Azərbaycanın “Azeri Light” markalı neftilə ilk yüklənməsi 4 iyun 2006-cı il tarixində həyata keçirilib.
Ümumi uzunluğu 1768 km olan BTC boru kəməri üç ölkənin ərazisindən keçir: Azərbaycan (443 km), Gürcüstan (249 km) və Türkiyə (1076 km). 
BTC boru kəməri başlıca olaraq AÇG yataqlarından hasil edilən neftin Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanınadək nəql olunması üçün nəzərdə tutulub, lakin digər ölkələr¬dən neftin  nəqli üçün də istifadə imkanları var.  Nümunə kimi BTC boru kəməri ilə Türkmə¬nistan və Qazaxıstan mənşəli xam neftin nəqlini qeyd etmək olar. Boru kəmərinin ötü¬rücülük qabiliyyəti gündə 1,2 milyon barel (160 min ton/gün) təşkil edir və bu həcm artırıla bilər. Hazırda boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BP" şirkətidir. Türkiyədə yerləşən hissəsinin operatoru isə “BOTAŞ International Limited” (BİL) şirkətidir.

 

Dəmir yolu vasitəsilə daşınmalar (Bakı-Kulevi/Batumi)

1883-cü ildə tikilən Bakı-Batumi dəmir yolu xəttində təmir-bərpa işlərindən sonra 1999-cu ildən SOCAR tərəfindən xam neftin Gürcüstanın Qara dəniz sahilindəki Batumi limanına daşınmasına başlanılıb. Bu marşrutdan son illərdə Qazaxıstanın Tengiz və digər yataqlarından çıxarılan neftin, Türkmənistan mənşəli neft məhsullarının tranzit daşımaları ilə yanaşı BTC boru kəmərinin təsisçiləri sıralarına daxil olmayan şirkətlərə məxsus AÇG yataq¬larından hasil olunan neftin və “Şahdəniz” yatağından alınan qaz kondensatının nəql edilməsi üçün fəal istifadə edilir. 
2008-ci ildə istismara verilən Bakı-Kulevi marşrutundan Azərbaycan və Türkmənistan mənşəli neft məhsullarının, həmçinin Qazaxıstanın Tengiz yatağından çıxarılan neftin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanına nəql olunması üçün istifadə edilir.

Digər xəbərlər

NEFT SƏNAYESİNİN İNKİŞAF TARİXİ

Azərbaycan dünyada neftin tarixi vətənidir. Hələ orta əsrlərdə ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti barədə bəhs ediblər. Mənbələrdə italyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin illik gəlirləri ilə bağlı məlumatlarına rast gəlinir.

ƏSRİN MÜQAVİLƏSİ

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse- prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəa