Qlobal külək enerjisi gücü 2050-ci ildə elektrik enerjisi tələbatının 35%-ni qarşılaya bilər.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) dərc etdiyi "Future of Wind – Külək enerjisininin gələcəyi" adlı hesabata əsasən, qlobal külək enerjisi gücü 2050-ci ilə qədər 10 dəfə artaraq 6000 QVt-dan çox ola bilər. Bunun 5000 QVt-ı quruda, 1000 QVt-ı isə dənizdə külək enerjisinin payına düşəcək.
Hesabata əsasən, 2050-ci ilədək külək enerjisi qlobal elektrik enerjisi tələbatının üçdə birini təmin edə bilər. 2018-ci ildə 542 QVt olan quruda külək enerjisi gücünün 2030-cu ildə 1787 QVt, 2050-ci ildə isə təxminən doqquz dəfə artaraq 5044 QVt olması, açıq dənizdə isə külək enerjisi gücünün 2030-cu ildə 228 QVt-a, 2050-ci ildə 1000 GVt-a çatdırılması hədəflənir. Bu hədəflərə çatmaq üçün hər il quruda külək enerjisinə qoyulmuş investisiyaların 4 qat, dənizdəki investisiyaların isə 10 qat artması tələb olunur. Quruda investisiyalar illik orta hesabla 67 milyard dollardan 211 milyard dollara, dənizdə isə investisiyalar illik 19 milyard dollardan 100 milyard dollara çatdırılmalıdır. Külək enerjisi hesabına hər il 6,3 qiqaton karbon emissiyalarında qənaət əldə edilə biləcəyi də qeyd edilir.
Hesabata görə, 2050-ci ilə qədər Asiya qlobal quruda külək enerjisi investisiyalarının 50%-nə sahib olacaq. Asiyanı 23%-lə Şimali Amerika, 10%-lə Avropa izləyəcək. Dənizdə külək enerjisi investisiyalarında isə Asiya qlobal investisiyaların 60%-dən çoxuna sahib olacaq. Asiyadan sonra 22%-lə Avropa, 16%-lə Şimali Amerika ən çox investisiya qoyan bölgələr olacaq.
Quruda külək enerjisində səviyyələndirilmiş elektrik enerjisi xərcləri (LCOE) 2018-ci ildə hər kVt.saat üçün 0,06 ABŞ dolları olmuşdusa, 2050-ci ilə qədər 0.02-0.03 ABŞ dollarına qədər azalmağa davam edəcək. Dənizdə külək enerjisində səviyyələndirilmiş elektrik enerjisi xərcləri (LCOE) isə 2018-ci ildə hər kVt.saat üçün 0,13 ABŞ dolları olmuşdusa, 2050-ci ilə qədər 0.03-0,07 ABŞ dollarına qədər azalacaq.
Quruda külək turbinləri gücünün 2025-ci ilədək 4-5 MVt-a qədər, dənizdə külək turbinləri gücünün isə 12 MVt-a qədər artırılması gözlənilir. Hesablamalara görə, qlobal külək enerjisi sənayesi 2030-cu ilə qədər 3,7 milyon insanı, 2050-ci ilə qədər isə 6 milyon insanı işlə təmin edə biləcək bir sektor ola bilər.

Digər xəbərlər