2019-cu ildə bərpa olunan enerji mənbələrinə qoyulmuş investisiya 2018-ci ilə (296,0 milyard ABŞ dolları) nisbətən 1,9% artaraq 301,7 milyard ABŞ dolları təşkil edib.
2019-cu ildə bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 2018-ci ilə (2387 QVt) nisbətən 8,4% (201 QVt) artaraq 2588 QVt-a çatıb. Artımın 57,2%-i günəş enerjisinin, 29,8%-i külək enerjisinin payına düşüb. Külək və günəş enerjisi üzrə artım ümumi artımın 87%-ni təşkil edib.
Hidroenerji daxil olmadan bərpa olunan enerji mənbələri üzrə güc miqdarı 1437 QVt təşkil edib və 2018-ci ilə (1252 QVt) nisbətən 14,8% (185 QVt) artıb.
2019-cu ildə hidroenerji gücü 2018-ci ilə nisbətən 1135 QVt-dan 15 QVt (1,3%) artaraq 1150 QVt, külək enerjisi gücü 591 QVt-dan 60 QVt (10,2%) artaraq 651 QVt, günəş enerjisi gücü 512 QVt-dan 115 QVt (21,8%) artaraq 627 QVt, bioenerji gücü isə 131 QVt-dan 8 QVt (6,1%) artaraq 139 QVt təşkil edib. Geotermal enerji gücü 13,2 QVt-dan 13,9 QVt-a, istiqamətləndirilmiş günəş istilik enerjisi (concentrating solar thermal power) 5,6 QVt-dan 6,2 QVt-a çatıb, okean enerjisi gücü isə 0,5 QVt olub.
Hidroenerji gücü bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 44,4%-ni, külək enerjisi 25,2%-ni, günəş enerjisi 24,2%-ni, bioenerji 5,4%-ni, digər mənbələr isə 0,8%-ni təşkil edib.  
2019-cu ildə bərpa olunan enerji hədəfləri olan ölkələrin sayı 169-dan 172-ə, bərpa olunan enerji siyasəti olan ölkələrin sayı 158-dən 161-ə yüksəlib. Danimarka ilkin və son enerji istehlakını tamamilə bərpa olunan enerji mənbələrindən qarşılamağı hədəf olaraq müəyyənləşdirib. Elektrik enerjisini 100% bərpa olunan enerji mənbələrindən qarşılamağı hədəfləyən ölkələrin sayı 57-dən 61-ə çatıb.
Hidroenerji də daxil olmaqla bərpa olunan enerji gücünə sahib olan ölkələrin ilk beşliyinə Çin (789 QVt), ABŞ (282 QVt), Braziliya (144 QVt), Hindistan (137 QVt) və Almaniya (124 QVt), hidroenerji daxil olmayan beşliyə isə Çin, ABŞ, Almaniya, Hindistan və Yaponiya daxildir. Çin qlobal bərpa olunan enerji gücünün 30,5%-nə sahibdir, eyni zamanda il ərzində 67 QVt yeni güc istifadəyə verərək lider olub. ABŞ-da 22 QVt, Hindistanda 13 QVt, Braziliya və Yaponiyanın hər birində 8 QVt yeni güc istifadəyə verilib.
Ümumilikdə, quraşdırılmış bərpa olunan enerji gücü hesabına 2019-cu ilin sonuna istehsal edilmiş elektrik enerjisi qlobal elektrik enerjisi istehsalının təxminən 27,3%-ni təşkil edib ki, bunun 58%-i hidronerjinin, 22%-i külək enerjisinin, 10%-i günəş enerjisinin, 8%-i bioenerjinin payına düşüb. Hidroenerji qlobal elektrik enerjisi istehsalının təxminən 15,9%-ni, külək enerjisi 5,9%-ni, günəş 2,8%-ni, bioenerji 2,2%-ni təşkil edib.
Mənbə: REN 21 (RENEWABLE ENERGY POLICY NETWORK  FOR THE 21st CENTURY), RENEWABLES 2020  GLOBAL STATUS REPORT

Digər xəbərlər