"Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
“Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq.

“Cənub Qaz Dəhlizi”  layihəsinin əsas elementləri aşağıdakılardır:

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi;
Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi; 
Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin həyata keçirilməsi;
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi.

2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr  2019-cu ildə  TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.
Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 mlrd.ABŞ dollardır.

 

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi


“Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 mlrd. m3  qazdan əlavə 16 mlrd. m3  qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyinə enərək 3500 km məsafə boyunca nəql ediləcək. Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:

  • körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;
  • 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;
  • quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası;
  • dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;
  • yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi.
  • “Şahdəniz Mərhələ 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün işlər 100% tamamlanıb. Ümumi layihə üzrə planlaşdırılmış işlər 2019-cu ilin dekabr ayının sonuna 94% icra olunub.

 

Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi (SCPX) layihəsi


Layihənin əsas texniki-iqtisadi göstəriciləri:

  • Mövcud CQBK boru kəmərinin uzunluğu: ümumilikdə 691 km olmaqla, Azərbaycanda 443 km, Gürcüstanda isə 248 km;
  • Genişlənən CQBKG boru kəmərinin uzunluğu: Azərbaycan ərazisində - 424 km, Gür¬cüstan ərazisində - 63 km, TANAP arabağlantısında - 2 km;
  • İlkin ötürmə gücü: illik əlavə 7 mlrd. m3, cəmi illik 14,4 mlrd. m3 (23,4 mlrd. m3–a artırmaq imkanı ilə) təbii qaz;
  • Səhmdarlar: BP, operator (28,8%), AzSCP (10%), SGC Midstream (6,7%), Petronas (15,5%), Lukoil (10%), NICO (10%) və TPAO (19%).

2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. 2019-cu ilin dekabr ayının sonuna olan məlumata görə boru kəmərinin tikintisi üzrə işlərin 100%-i yekunlaşdırılıb. 

 

Trans- Anadolu Boru Kəməri (TANAP) layihəsi

Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
Səhmdarlar: CQD (51 %), BOTAŞ (30%) və BP (12%), SOCAR Turkey Enerji A.Ş (7%)

  • Kəmərin uzunluğu: 1850 km;
  • İstismara verilmə tarixi: boru kəmərinin Əskişəhirə qədər olan hissəsi 2018-ci ilin iyun ayında istismara verilib, Yunanıstan sərhədinə qədər olan hissəsi isə 2019-cu ildə istismara veriləcəyi gözlənilir;
  • İlkin ötürmə gücü: illik 16,2 mlrd. m3 (illik 30,7 mlrd. m3-ə kimi artırıla bilər);

TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il tarixindən başlnılıb. 
Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.


Trans- Adriatik Boru Kəməri (TAP) layihəsi

Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
Kəmərin uzunluğu: 878 km (Yunanıstan - 550 km; Albaniya - 215 km; Adriatik dənizi-105 km; İtaliya - 8 km);
İstismara verilmə tarixi: 2020-ci il;
İlkin ötürmə gücü: illik 10 milyard m3 (illik 20 milyard m3-ə kimi artırıla bilər);
Səhmdarlar: BP (Böyük Britaniya) - 20%; CQD (SGC) - 20%; Snam (İtaliya) - 20%; Fluxys (Belçika) - 19%; Enagas (İspaniya) - 16%; Axpo (İsveçrə) - 5%;
2020-ci ilin aprel ayının sonuna olan məlumata görə TAP üzrə görülən işlərin ümumi həcmi 95,1%-dir.


Cənub Qaz Dəhlizi Məşvərət Şurası

Azərbaycan Respublikasının Prezidentinin 29.10.2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 15 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25.02.2014-cü il tarixində “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 287 nömrəli Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci ilin fevralın 28-də keçirilib.

Digər xəbərlər