Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Lakin dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış “Şəmkir” SES-in davamı olan “Yenikənd” su hövzəsinin və su elektrik stansiyasının inşası Avropa Yenidənqurma və İnkişaf Bankının 53,2 milyon ABŞ dolları məbləğində kredit ayırması hesabına 2000-ci ildə başa çatdırılır. Almaniyanın Doyçe Landens Bankının krediti sayəsində isə 1 saylı “Bakı” İEM-də hər birinin gücü 53 MVt olan iki ədəd müasir buxar-qaz turbini quraşdırılaraq istismara verilir.

Bu dövrdə energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. "Energetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlar qəbul edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamlarının energetikanın inkişafında mühüm rolu vardır.

MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal-1”ES-in istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 872,5 MVt olan (Naxçıvan MR də daxil olmaqla) 8 Modul tipli Elektrik Stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması ilə enerji təchizatında hökm sürən disproporsiya əhəmiyyətli dərəcədə aradan qaldırılır. 2009-cu ildə gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir ES ilə yanaşı, 2013-cü ildə eyni tipli gücü 780 MVt olan “Cənub” ES, 2019-cu ildə isə Abşeron yarımadasında elektrik enerjisi təchizatının dayanıqlığı və keyfiyyətini artıran gücü 409 MVt olan “Şimal-2” elektrik stansiyası istismara verilir.

Azərbaycan milli enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edir. Rusiya istiqamətində elektrik enerjisinin ötürülmə gücü 350 MVt, İran istiqamətində isə 550 MVt ətrafındadır.

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində istismara buraxılmış 500 kV-luq Samux-Qardabani hava elektrik verilişi xətti (HEVX) ilə elektrik enerjisinin ötürülmə gücü 650 MVt təşkil edir.

Azərbaycan və Rusiya enerjisistemləri iki dövlətlərarası HEVX-ləri vasitəsilə birləşləşdirilib. Bunlar, 330/110 kV-luq “Xaçmaz” (AR) və 330/110 kV-luq “Dərbənd” (RF) yarımstansiyalarını (y/st) birləşdirən 330 kV-luq “Dərbənd” HEVX və 110/35 kV-luq “Yalama” (AR) və 110/35 kV-luq “Bilici” (RF) y/st-ləri birləşdirən 110 kV-luq “Yalama” HEVX-dir.

Azərbaycanın enerji sistemi Rusiya VES ilə vahid sinxron zonasında paralel iş rejimində fəaliyyət göstərir. Tərəflər arasında qarşılıqlı münasibətlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlıq haqqında 07.10.1995-ci il tarixli Dövlətlərarası Sazişə əsasən həyata keçirilir.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının enerjisistemləri arasında münasibətlər, müvafiq iqtisadi əməkdaşlıq üzrə müştərək Hökumətlərarası Komissiyanın qərarları ilə Tərəflər arasında bağlanmış paralel iş haqqında Müqavilə, elektrik enerjisinin alqı-satqı Müqavilələri və qəza hallarında elektrik enerjisinin ötürülməsi haqqında Müqavilələr əsasında tənzimlənir.

2001-ci ilin dekabr ayından etibarən Tərəflər arasında elektrik enerjisinin idxalı və ixracı yalnız kommersiya xarakteri daşıyır. 2007-ci ildən başlayaraq Rusiya Federasiyasına ixrac olunan elektrik enerjisinin həcmi dinamik olaraq artır və Azərbaycan enerji sistemi müsbət saldo ilə işləyir.

Azərbaycan və Gürcüstan enerjisistemləri arasında 2 hava elektrik verilişi xətti - 500 kV-luq “Samux-Qardabani” (Gürcüstandan tranzit vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı) HEVX və 330 kV-luq “Ağstafa-Qardabani” HEVX mövcuddur.

Azərbaycan Respublikası və Gürcüstan arasında 27.12.1997-ci il tarixdə imzalanmış “Elektroenergetika sahəsində əməkdaşlıq haqqında” dövlətlərarası razılaşmaya əsasən Tərəflərin enerjisistemləri arasında “Gürcüstan və Azərbaycan enerjisistemlərinin paralel işləməsi haqqında” Müqavilə (05.08.1998-ci il tarixində) bağlanıb. Azərbaycan və Gürcüstan enerjisistemləri arasında münasibətlər, müvafiq iqtisadi əməkdaşlıq üzrə müştərək Hökumətlərarası Komissiyanın qərarları ilə Tərəflər arasında bağlanmış paralel iş haqqında Müqavilə, elektrik enerjisinin alqı-satqı Müqavilələri və qəza hallarında elektrik enerjisinin ötürülməsi haqqında Müqavilələr əsasında tənzimlənir.

Azərbaycan Respublikası (AR) ilə İran İslam Respublikasının (İİR) enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi  hazırda istismarda olan beş elektrik verilişi xətti (EVX) – “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 330 kV-luq “Muğan”, 230 kV-luq “İmişli” EVX və 110 kV-luq “Astara-Astara” EVX, və Naxçıvan DEX-in balans mənsubiyyətində olan 132 kV-luq “Araz-Araz” və 132 kV-luq “Culfa-Culfa” EVX-ləri vasitəsilə həyata keçirilir. Elektrik enerjisinin mövcud mübadilə gücü 600 MVt təşkil edir.

2001-ci ilin fevral ayından başlayaraq, 230 kV-luq “Parsabad” EVX-nın istismara verilməsi ilə “Azərenerji” ASC (AR) və “TAVANIR” Şirkəti (İİR) arasında imzalanmış “Elektrik enerjisinin mübadiləsi və tranziti barədə” Kontrakta (24.01.2001-ci il) əsasən İİR-dən Naxçıvan MR-ə ötürülən elektrik enerjisi ancaq enerji mübadiləsi şəklində həyata keçirilir.

Eyni zamanda, 2018-ci il 12 aprel tarixdə İran İslam Respublikasının Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” və “Azərenerji” ASC arasında Elektrik Enerjisinin Alqı-satqısı üzrə müqavilə imzalanıb.

Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə tədbirlər davam etdirilir. Əlaqələndirmə məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün məsləhətçi şirkət seçilib və bu istiqamətdə ölkələrin müvafiq şirkətləri arasında razılaşdırmanın əldə edilməsi üçün müzakirələr aparılır.

Azərbaycan və Türkiyə energetika sistemləri arasında üç HEVX-lər(154kV-luq “İqdır- Naxçıvan 1” HEVX, 154kV-luq “İqdır-Naxşıvan 2” HEVX və 34,5 kV-luq “Sədərək” HEVX) mövcuddur.

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində Azərbaycan tərəfindən 500kV-luq Samux-Qardabani HEVX çəkilib, Gürcüstan tərəfindən isə 500/400/220 kV-luq“Axalçixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luqEVX-intikintisi başa çatdırılıb və 2013-cü ilin sonunda istismara buraxılıb. 2016-cı ilin fevral ayından başlayaraq 500 kV-luq Samux-Qardabani HEVX vasitəsilə elektrik enerjisinin ötürülməsinə başlanılıb.

Azərbaycan Respublikasının enerji strategiyası bu gün əhalinin və ölkə iqtisadiyyatının enerji resursları, o cümlədən elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına şərait yaradıb, son 13 ildə 3 min meqavatdan artıq gücdə 16 elektrik stansiyası istifadəyə verilib, ümumi generasiya gücü 7556 MVt-a çatdırılıb, ölkəmiz enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilib.

2019-cu ildə elektrik enerjisi istehsalı 2018-ci ilə nisbətən 3,3% artaraq 26 milyard kilovatsaata çatıb. Bunun 92,7%-i istilik elektrik stansiyalarının, 7,3%-i digər mənbələrin payına düşür. Ölkənin əhəmiyyətli şəkildə ixrac potensialı formalaşdırılıb, il ərzində 1,49 milyard kilovatsaat elektrik enerjisi qonşu ölkələrə ixrac olunub.

Dünya İqtisadi Forumunun elan etdiyi “Qlobal Rəqabətlilik İndeksi” hesabatına əsasən ölkəmiz elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdədir.

Əvvəlki illərlə müqayisədə istehsal və təchizat zəncirində səmərəliliyin təmin edilməsində mühüm addımlar atılıb. 2019-cu ildə elektrik enerjisinə sərf edilən şərti yanacağın miqdarı hər kilovatsaat üçün 271 qrama qədər azaldılıb, elektrik enerjisinin istehsalı üçün stansiyaların xüsusi sərfiyyatının, şəbəkələrdə itkilərin normalara çatdırılması, stansiyaların faydalı iş əmsalının yüksəldilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunub. Görülən işlər nəticəsində xüsusi sərfiyyat 2,8%-ə,  itkilər ötürücü şəbəkədə 2,2%-ə, paylayıcı şəbəkədə isə 9,8%-ə qədər azaldılıb. 

Müasir tələblərə cavab verən stansiyaların istismara verilməsi və bərpa tədbirləri elektrik enerjisinin xüsusi sərfiyyatının azalması ilə nəticələnib. 2019-cu ilin sentyabr ayında istifadəyə verilən 409 MVt gücündə “Şimal 2” elektrik stansiyası digər stansiyalara görə istifadə edilən şərti yanacağın miqdarına görə daha səmərəlidir.

Hazırda Qobuda gücü 385 MVt olan modul elektrik stansiyasının tikintisi istiqamətində tədbirlər həyata keçirilir.

Eyni zamanda, İran İslam Respublikası ilə əməkdaşlıq çərçivəsində 200 MVt gücündə (hər tərəf üçün 100 MVt olmaqla) “Xudafərin” və 80 MVt gücündə (hər tərəf üçün 40 MVt olmaqla) “Qız qalası” su elektrik stansiyalarının və Naxçıvan Muxtar Respublikasında 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Qarşıdakı dövrdə gücü 550 MVt-a qədər olacaq yeni buxar-qaz turbinli elektrik stansiyasının özəl investisiya hesabına tikilməsi nəzərdə tutulur və bu istiqamətdə tədbirlər həyata keçirilir. Nazirlik tərəfindən müxtəlif dövlət qurumları ilə birlikdə özəl investisiya hesabına yeni elektrik stansiyasının tikintisi istiqamətində beynəlxalq şirkətlərlə danışıqlar aparılır.

2018-ci ildən başlayaraq beynəlxalq məsləhətçi şirkət cəlb etməklə elektrik stansiyaları və ötürücü şəbəkənin təhlili aparılaraq, ölkənin mövcud generasiya gücünün və ötürücü şəbəkənin optimallaşdırılması və bərpası proqramı hazırlanıb. Görülmüş işlər nəticəsində 2019-cu ilin sonuna qədər 485 MVt itirilmiş güc bərpa olunub. Ötürücü şəbəkənin yenidənqurulması və modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. “Azərenerji” ASC-yə iki il ərzində proqramın icrası üçün maliyyə vəsait ayrılıb və proqramın icrası 2020-ci ildə də davam etdiriləcəkdir.

Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlər, həyata keçirilən tədbirlər və nəticələri, habelə son dövrlərdə qəbul edilmiş strateji sənədlər və qərarlar sektorda islahatların yeni mərhələsinə başlanılması üçün münbit şərait yaradır. Növbəti islahatlar elektroenergetika sektorunda şəffaf, rəqabət qabiliyyətli, bütün iştirakçıların ədalətli və bərabər şərtlər əsasında iştirakını özündə ehtiva edən liberal elektrik enerjisi bazarının qurulması, dövlət subsidiyalarının və xərclərinin mərhələli şəkildə aradan qaldırılması, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə istehsal portfelinin şaxələndirilməsi və bir mənbədən asılılığın azaldılması, elektroenergetika sistemində və istehlakda səmərəliliyin təmin edilməsi, mütərəqqi beynəlxalq təcrübəyə uyğun tənzimləyici mühitin formalaşdırılması məqsədi daşıyacaq.

Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı məqsədi ilə qəbul edilmiş strateji sənədlərdə (Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı və s.) elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, 2025-ci ilədək enerji sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün elektrik enerjisinin istehsalından pərakəndə satışa qədər dəyər zəncirinin bütün həlqələrinin (istehsal, nəqletmə, paylanma və satış) idarəçilik nöqteyi-nəzərindən bir-birindən ayrılması, topdansatış bazarının yaradılması, bu sahəyə özəl investisiyaların cəlb edilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, qeyd olunan məsələlərlə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi kimi prioritet məsələlər öz əksini tapıb.

Beynəlxalq təcrübə nəzərə alınmaqla “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən 3 mərhələdən ibarət olmaqla Azərbaycan elektroenergetika sistemində bazar modelinə keçid nəzərdə tutulur. Qanunun qəbulundan başlayaraq 2025-ci ilə qədər tam şəkildə bazar prinsiplərinə keçidin başa çatdırılması nəzərdə tutulur. Bazar prinsiplərinin tətbiqi üçün elektroenergetika sisteminə müstəqil subyektlərin daxil edilməsi nəzərdə tutulur. Müstəqil istehsalçılar mövcud elektrik stansiyalarının özəlləşdirilməsi və ya yeni elektrik stansiyaların özəl investisiya hesabına tikilməsi ilə mümkün ola bilər. Bunun üçün strateji aktivlərin dəqiqləşdirilməsi və sistem üçün strateji əhəmiyyət kəsb etməyən özəlləşdirilməyə çıxarılması nəzərdən keçiriləcəkdir. Enerji dayanıqlılığına və təhlükəsizliyə mənfi təsir göstərməməsi üçün sistem üçün strateji əhəmiyyət kəsb edən aktivlərin özəlləşdirilməsinə sonrakı mərhələlərdə baxılacaqdır.

Eyni zamanda “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamının icrası ilə bağlı beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanaraq təqdim olunub. Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi və elektrik stansiyaların özəlləşdirilməsi məsələləri üzrə “Elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı layihəsi və özəlləşdirməyə təklif edilən stansiyaların (bərpa olunan enerji mənbələri üzrə stansiyalar, kiçik su elektrik stansiyalar, bəzi modul tipli elektrik stansiyaları) siyahısı hazırlanaraq təqdim edilib. Dövlət-özəl tərəfdaşlığı modelləri tətbiq edilməklə ənənəvi enerji resursları hesabına işləyən elektrik stansiyalarının özəl investisiya hesabına tikilməsi üçün investorlarla müzakirələr aparılacaq, əlverişli investisiya mühiti yaradılacaq, qarşıda duran maneələrin aradan qaldırılması təmin ediləcək və müvafiq müqavilələr hazırlanacaqdır. Bazar prinsiplərinin tətbiqi ilə müstəqil subyektlərin sistemə daxil olması planlaşdırılmış və paralel  şəkildə aparılacaqdır.

 

Digər xəbərlər

Elektroenergetikanın inkişafının birinci mərhələsi

Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib.

Elektroenergetikanın inkişafının ikinci mərhələsi (1969-1991-ci illər)

Azərbaycanın müstəqil elektrik enerji sisteminə malik olmasının əsası isə ötən əsrin 70-ci illərində qoyulub. 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyuluş gücü - 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verilir.