Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib.

Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib. Bu stansiyalardan ən böyüyünün - Qara şəhərdəki stansiyanın gücü isə 34,4 MVt-a bərabər olub. 1920-ci ildə azsaylı elektrik müəssisələri milliləşdirilir. Milliləşdirilmiş energetika müəssisələrinin tərkibinə, “Qara şəhər”də və Bayıl qəsəbəsində yerləşən iki istilik elektrik stansiyası və gərginliyi 0,4-2,0kVt olan paylayıcı şəbəkə daxil edilir. Bakıda neftin çıxarılmasının və onun emalının tam elektrikləşdirilməsi məqsədi ilə Bayıl qəsəbəsi və Qara şəhərdə, hər birinin gücü - 20 MVt olan üç turboaqreqatın istismara verilməsi, mövcud enerji güclərinin yenidən qurulması və elektrik stansiyalarının qaz yanacağı əsasında iş rejiminə keçirilməsi nəzərdə tutulurdu.

Şəki şəhərində ipək-toxuculuq sənayesinin inkişafı ilə əlaqədar gücü 1660 kVt olan Şəki SES layihələndirilir. Qubada konserv zavodunun tikintisi ilə əlaqədar olaraq gücü 1152 kVt olan SES tikilir. Zurnabad, Qusar SES-ləri də həmin dövrdə tikilib istifadəyə verilir.1935-ci ildə elektrik stansiyalarının ümumi gücü - 176,6 MVt-a,elektrik enerjisinin istehsalı isə - 937 min kVt.saata çatdırılır. Həmin ildə ölkənin baş energetika idarəsi – indiki “Azərenerji” yaradılır və respublikada fəaliyyət göstərən bütün energetika müəssisələri onun tabeliyinə verilir.

40-cı illərdə dərin neft quyularının qazılması və istismarı enerji sisteminin gücünün də artırılmasını yeni enerji güclərinin istismara verilməsini zəruri edir. Bu illərdə Bayıl qəsəbəsindəki L.Krasin adına Dövlət Rayon Elektrik Stansiyası (Krasin adına DRES) və Qırmızı ulduz İstilik- Elektrik Mərkəzi (indiki Ə.Bayramzadə adına 1 saylı Bakı İEM) istismara buraxılır. 1940-cı ildə respublikada fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü 250 MVt-a, elektrik enerjisinin istehsalı isə 1,7 mlrd. kVt.saata çatdırılır. 1941-ci ildə isə Azərbaycanda ilk 1 saylı Sumqayıt İEM istismara verilir.

Respublikada su-enerji mənbələrindən məqsədyönlü istifadə sisteminə keçid isə faktiki olaraq Mingəçevir su qovşağının tikintisi ilə bağlıdır. Mingəçevir SES 1954-cü ildə istifadəyə verilir. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxılır. Kür çayı axarı istiqamətində 14 km aşağıda yerləşən və qoyuluş gücü - 16,5 MVt olan bu stansiya Mingəçevir SES-dən buraxılan su sərfinin tənzimləyicisi işini yerinə yetirir. 2017-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Varvara SES yenidən qurulmadan sonra istismara verilir.

1954- cü ildə qoyuluş gücü 168,8 MVt olan “Şimal” DRES-in birinci növbəsi  istifadəyə verilir. 1960-cı ildə bu stansiyada, SSRİ-də ilk dəfə gücü-150 MVt olan açıq tipli enerji bloku istismara buraxılır. 1962-ci ildə 1 saylı Sumqayıt İEM-in 11-ci turboaqreqatı istifadəyə verilir, bununla da stansiyanın qoyuluş gücü 450 MVt-a çatdırılır.

1959-cu ildə Əli-Bayramlı şəhərində Avropada ilk dəfə olaraq əsas avadanlıqları açıq havada quraşdırılan, böyük gücdə Əli-Bayramlı DRES (indiki Şirvan İES) tikintisinə başlanılır. Hər birinin gücü 150 MVt olan dörd enerji bloklu DRES-in birinci növbəsinin istismara verilməsi, Azərbaycanın elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, 1964-1965-ci illərdə qonşu Cənubi Qafqaz respublikalarına da 1,7 mlrd. kVt.saat elektrik enerjisi ötürməyə imkan yaradır.

Elə həmin illərdə Sumqayıtın istilik və elektrik enerjisinə artan tələbatını ödəmək məqsədi ilə 2 saylı Sumqayıt İstilik-Elektrik Mərkəzinin (2 saylı Sumqayıt İEM) tikintisinə başlanılır. Birinci turboaqreqat 1966-cı ildə, digəri isə 1972-ci ildə istismara verilir və stansiyanın ümumi qoyuluş gücü 220 MVt-a çatdırılır.

Digər xəbərlər

Elektroenergetikanın inkişafının ikinci mərhələsi (1969-1991-ci illər)

Azərbaycanın müstəqil elektrik enerji sisteminə malik olmasının əsası isə ötən əsrin 70-ci illərində qoyulub. 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyuluş gücü - 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verilir.

Müstəqillik əldə edildikdən sonra elektroenergetikanın inkişafı (1991-ci ildən sonrakı üçüncü dövr)

Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Lakin dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.