Elektroenergetikanın inkişafının birinci mərhələsi

Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib.

Elektroenergetikanın inkişafının ikinci mərhələsi (1969-1991-ci illər)

Azərbaycanın müstəqil elektrik enerji sisteminə malik olmasının əsası isə ötən əsrin 70-ci illərində qoyulub. 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyuluş gücü - 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verilir.

Müstəqillik əldə edildikdən sonra elektroenergetikanın inkişafı (1991-ci ildən sonrakı üçüncü dövr)

Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Lakin dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.