2001-ci ildə 10 qaz ixrac edən ölkənin (Əlcəzair, İran, Qətər, Rusiya Federasiyası, Oman, İndoneziya, Malayziya, Türkmənistan, Bruney və Norveç) iştirak etdiyi Tehran görüşündə Qaz İxrac edən Ölkələr Forumunun yaradılması barədə qərar qəbul olunub və təşkilat 2008-ci ildə hüquqi olaraq Moskva şəhərində təsis edilib.

Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var.

GECF-in Baş katibi 1 yanvar 2022-ci ildən Mohamed Hameldir.

Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, LNG istehsalının isə 85 faizi cəmləşir.

Forumun bugünədək 5 sammiti keçirilib. İlk sammiti 2011-ci ildə Qətərdə, ikincisi 2013-cü ildə Moskvada, üçüncüsü 2015-ci ildə Tehranda, 4-cü sammit 24 noyabr 2017-ci ildə Boliviyanın Santa Kruz şəhərində, 5-ci sammit isə 29 noyabr 2019-cu ildə Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilib.

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsi və qaz ehtiyatlarının xalqların rifahı naminə qorunmasıdır. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

GECF aşağıdakı strateji məqsədlərin həyata keçirilməsinə səy göstərir:

- Təbii qazın əsas yanacaq kimi seçimini təşviq etmək;

- Üzv ölkələrin gələcəkdə təbii qaz bazarının inkişafı və qiymətləndirilməsində, yaranacaq  imkanlardan mənfəət götürülməsində, qarşıya çıxan problemlərin həll edilməsində, həmçinin məlumatlılığın təmin edilməsində dəstək üçün xarici qaz bazarında oriyentir rolunu oynamaq;

- Qlobal qaz bazarının beynəlxalq səviyyədə irəli aparılması və inkişafı məqsədilə bazar şəraitində vahid fikir və mövqeləri bölüşmək;

- Üzv ölkələr arasında əməkdaşlıq bazasını  təmin etmək.

Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

29 noyabr 2014-cü ildə GECF-in baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Bakıya səfər edib. səfəri zamanı Forumua üzv dövlətlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqları və qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağı fikri səsləndirilib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

23 noyabr 2015-ci ildə GECF-in Tehranda keçirilmiş 3-cü sammitində Azərbaycan quruma müşahidəçi statusunda qoşulub. Sammitin nəticəsi kimi imzalanan "Tehran Bəyannaməsi”ndə Azərbaycanın Forumda müşahidəçi statusu aldığı qeyd olunub. Sammitdə energetika naziri Natiq Əliyev iştirak edib.

30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev GECF-in baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib. Forumun baş katibi ilə Energetika Nazirliyində də görüş keçirilib.

07 noyabr 2016-cı ildə Doha şəhərində GECF-in iştirakçı dövlətlərin milli nümayəndələrinin iştirakı ilə GECF-in Texniki-İqtisadi Şurasının (TİŞ) 4-cü iclası, 17 noyabr tarixində isə Qaz İxrac edən Ölkələrin Forumunun 18-ci Nazirlər toplantısı keçirilib.

04 oktyabr 2017-ci il tarixində Qaz İxrac edən Ölkələrin Forumunun 19-cu Nazirlər toplantısı Moskvada keçirilib.

24 noyabr 2017-ci il tarixində Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının Boliviyanın Santa Kruz şəhərində keçirilmiş IV Zirvə Toplantısında Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edib.

29 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev GECF-in baş katibi Yuri Sentyurini qəbul edib.

29 may-1 iyun 2019-cu ildə Bakıda keçirilmiş 26-cı Beynəlxalq “Xəzər neft və qaz” sərgisində GECF-in baş katibi Yuri Sentyurin iştirak edib.

3 oktyabr 2019-cu ildə Energetika naziri Pərviz Şahbazov Moskvaya səfəri çərçivəsində GECF-İn 21-ci Nazirlər Görüşündə iştirak edib.

29 noyabr 2019-cu ildə Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhərində keçirilmiş GECF-in 5-ci Sammitində Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edib.

11-12 noyabr 2020-ci il tarixində Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Nazirlərinin Dəyirmi Masası və GECF-in 22-ci nazirlər görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşlərdə Foruma sədrlik edən Əlcəzairin energetika naziri Abdelmadjid Attar, Baş katib Yuri Sentyurin və digər nazirlərlə yanaşı, təşkilata üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak edib. Dəyirmi Masada və 22-ci Nazirlər Görüşündə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.

17 noyabr 2021-ci il tarixində energetika naziri Pərviz Şahbazov Boliviyanın ev sahibliyi ilə videokonfrans formatında keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin 23-cü Görüşündə iştirak edib. Nazirlər iclası üç sessiyada işini davam etdirib. Tədbirdə GECF-in İdarə Heyətinin və Katibliyinin 2021-ci il üzrə hesabatı dinlənilib, qaz bazarında mövcud vəziyyətə və 2050-ci ilə qədər inkişaf proqnozlarına dair təqdimatlar nəzərdən keçirilib, təşkilatın 2022-ci il üzrə büdcəsinin təsdiqi, 2022-ci il üçün GECF-in nazirlər iclasının prezidentinin, İdarə Heyətinin üzvlərinin təyin edilməsi, növbəti il nazirlərin 24-cü görüşü və Qətərdə keçirilməsi nəzərdə tutulan GECF-in VI Sammiti ilə bağlı məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.

21 fevral 2022-ci il tarixində energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Nazirlərinin iclasında iştirak edib. Nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan bəhs edib, Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna da toxunub. 

22 fevral 2022-ci il tarixində Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammiti keçirilib. Sammitdə Azərbaycanı təmsil edən energetika naziri Pərviz Şahbazov tədbirdə çıxış edib. Sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və Mozambik prezidentlər, Liviya, Trinidad və Tobaqo baş nazirlər, 12 ölkə isə nazirlər səviyyəsində təmsil olunub. Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub.