Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Azərbaycanı tədbirdə energetika naziri Natiq Əliyev təmsil edib.

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975­1994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlik tədbirlərin görülməsi üçün bu müddət ərzində qlobal enerji dialoqları mühüm rol oynayıb. 15-ci Beynəlxalq Enerji Forumu, 23-cü Dünya Enerji Konqresi OPEC və qeyri- OPEC ölkələrinin bir araya gəlməsini təmin etməklə 28 sentyabr tarixində OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5 -33 milyon barrel səviyyəsində dondurulması barədə ilkin razılığın əldə edilməsinə imkan yaradıb.

29 oktyabr 2016-cı il tarixində Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirilib. Yüksək Səviyyəli Komitənin birinci iclası 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya Federasiyası) nümayəndə heyətlərinin iştirakı ilə konstruktiv və məhsuldar müzakirələr atmosferində keçirilib. İclasa Azərbaycanın energetika naziri Natiq Əliyev həmsədrlik edib.

30 noyabr 2016-cı il tarixində OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla 834 min barel öhdəlik götürüb.  

25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. 24 ölkənin imzaladığı Sazişə Azərbaycan da qoşulub.

30 noyabr 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da imzalayıb.

Energetika Nazirliyi Vyana sazişi qüvvəyə mindiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq Azərbaycanın gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edir. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

21-23 iyun 2018-ci il tarixində Vyana şəhərində OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci Beynəlxalq seminarı keçirilib. Energetika naziri Pərviz Şahbazov “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxış edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclası və OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü görüşündə də iştirak edib. Görüşdə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı əldə olunan razılaşmasını Azərbaycan da dəstəkləyib. Tədbirdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edib.

23 sentyabr 2018-ci il tarixində Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in  qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib.

4-7 dekabr 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası və OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşü keçirilib. Nazirlərin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar. Azərbaycan da hasilatın azaldılması Sazişinə qoşulub. Azərbaycan müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə Azərbaycan növbəti ildən gündəlik hasilatı 776 min barrel həcmində saxlamalıdır. OPEC+ ölkələri tərəfindən  gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub. 

17-18 mart 2019-cu il tarixində Bakıda OPEC (Əlcəzair, Konqo, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela)  və qeyri-OPEC (Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya) ölkələrinin Birgə Texniki Komissiyasının  (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin  (JMMC) 13-cü iclası keçirilib. Tədbirdə 7 dekabr 2018-ci il tarixində OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin 5-ci görüşündə qəbul edilmiş qərara uyğun götürülmüş öhdəliklərin icra vəziyyəti, neft bazarında baş verən dəyişikliklər müzakirə edilib.

19 mart 2018-ci il tarixində Azərbaycanda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Energetika naziri Pərviz Şahbazovla görüşüb. Görüşdə dünya neft sənayesinin hazırki vəziyyəti, OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

OPEC bülleteninin 2019-cu il mart sayında Azərbaycana xüsusi buraxılış həsr olunub. Bülletendə “Bakı OPEC və qeyri-OPEC  tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.   

19 may 2019-cu il tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası keçirilib. İclasda cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı  Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub.

01-02 iyul 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşü keçirilib. Görüşdə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub və neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması barədə razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na Azərbaycan da qoşulub. “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub.

Əməkdaşlıq Xartiyası 2016-cı ilin sonunda OPEC+ ölkələri tərəfindən elan edilib. Əməkdaşlıq Xartiyasının əsas məqsədləri neft hasilatçıları, istehlakçıları, investorlar və dünya iqtisadiyyatının xeyrinə neft bazarının sabitliyi, texnologiya və digər sahələrdə əməkdaşlığın təşviqi məqsədilə iştirakçı ölkələr arasında dialoqun asanlaşdırılması, iştirakçı ölkələr arasında neft bazarının qısa, orta və uzunmüddətli əsaslarını, o cümlədən inkişaf etməkdə olan qlobal enerji balansında neftə baxış barədə daha yaxşı anlayışın təşviq edilməsi, neftin uzunmüddətli istifadəsi üçün enerji siyasətlərinin dəstəklənməsi və s. ibarətdir.

06 dekabr 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü keçirilib. Görüşdə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb. Razılaşmaya qoşulan Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə 7 min barrel də azaldıb. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından gündəlik hasilatı əvvəlki öhdəlikdən, yəni 776 min bareldən 7 min barel azaldaraq 769 min barel həcmində saxlamalıdır.

06 mart 2020-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçirilib. Görüşdə 2020-ci ilin sonunadək gündəlik neft hasilatının əlavə 1,5 mln. barrel azaldılması ilə bağlı razılıq əldə olunmayıb.

09 aprel 2020-ci ildə OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında 9-cu iclası keçirilib. 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Yeni qərara əsasən, mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılmasını nəzərdə tutub. Azərbaycan da neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub. Videokonfransda Energetika Naziri Pərviz Şahbazov da iştirak edib.

12 aprel 2020-ci ildə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin online formatda 10-cu iclası keçirilib.  Görüşdə gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılmasını ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. “OPEC plus”un  bu qərarına  Azərbaycan da öz dəstəyini ifadə edib. Videokonfransda Energetika Naziri Pərviz Şahbazov da iştirak edib.