Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991 -ci ilin aprel ayında Xarici işlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılıb. Koreya dünyanın ən yoxsul ölkələrinin birindən iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilməkdə unikal təcrübəyə malikdir. Koreyanın bu keçid zamanı əldə etdiyi bilik və təcrübə KOİCA-ya əməkdaşlıq etdiyi ölkələrin davamlı sosial- iqtisadi inkişafına dəstək verməyə və onlara daha yaxşı bir dünya üçün perspektiv vəd etməyə imkan verən qiymətli keyfiyyətlərdir.

KOİCA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin inkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOİCA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdə yaxından iştirak etmək istəyir.

KOİCA proqramının Azərbaycanda tarixi 1994-cü ildə təşkilatın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etməsi ilə başlayıb və 1996-cı ildən 2005-ci ilə qədər KOİCA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil edib. KOİCA-nın 2011 -ci ildə Azərbaycan proqramlarına ayırdığı maliyyə təxminən 10 milyon ABŞ dolları olub.

25.06.2011 -ci il tarixindən 23.07.2011 -ci il tarixinədək Koreya Respublikasında "Zəif Karbon, Yaşıl İnkişaf” çərçivəsində keçirilən "İstilik Effekti Yaradan qazların İnventarlaşması və Azaldılması üzrə Treninq Proqramı” adlı təlim kursunda iştirak təmin edilib.