Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) - 26 yanvar 2009-cu il tarixində Bonn şəhərində təsis edilib. İRENA beynəlxalq səviyyədə bərpa olunan enerji sahəsi üzrə ən mötəbər beynəlxalq təşkilatlardan sayılır. Yarandığı dövrdən indiyə kimi təşkilata artıq 163 dövlət üzv olmuş və 21 dövlət isə üzvlüyə namizəddir.

Azərbaycan Respublikası 2009-cu ildən İRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə İRENA-nın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub.

28 noyabr 2019-cu il tarixində Bakıda İRENA-nın təşkilatçılığı ilə Energetika Nazirliyi, bir sıra dövlət qurumları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə “Azərbaycanda Bərpa Olunan Enerjiyə hazırlığın qiymətləndirilməsi” layihəsinin yekun hesabatı ilə bağlı tədbir keçirilib.

18 yanvar 2021-ci il tarixində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib. Videokonfrans formatında baş tutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoru Francesco La Camera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. Tədbir 18-21 yanvar tarixlərini əhatə edib.

19 yanvar 2021-ci il tarixində IRENA-nın 11-ci Assambleyası çərçivəsində “Enerji keçidinin təşviq edilməsi üçün milli səviyyədə enerji istehsalının planlaşdırılması” mövzusunda keçirilən sessiyada Energetika nazirinin müavini Elnur Soltanov çıxış edib.

21 yanvar 2021-ci il tarixində IRENA-nın 11-ci Assambleyası tədbirinin sonunda Enerji Keçidi üzrə Qlobal Yüksək Səviyyəli Forumun (Global High-Level Forum on Energy Transition) yaradılması elan edilib. Forumun əsas vəzifəsi IRENA-nın əlaqələndirici rolundan istifadə etməklə dövlət və özəl sektor təmsilçiləri, akademik dairələri qlobal enerji keçidini sürətləndirmək hədəfi altında birləşdirmək olacaq.

14-15 yanvar 2023-cü il tarixində keçirilmiş IRENA Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib. Qurumun Nizamnaməsinə əsasən, Şuranın tərkibi 4 regional qrup üzrə 21 üzvdən ibarət olmaqla formalaşdırılır. Azərbaycanın da yer aldığı qrupa ümumilikdə 52 ölkə daxildir və yalnız 7 ölkə - Azərbaycan, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, ABŞ və Kanada Şuraya üzv seçilib.