Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıq Beynəlxalq Enerji Xartiyası soyuq müharibənin bitməsi ilə 1990-ci illərin əvvələrində Avropa qitəsində əvvəlki iqtisadi pərakəndəliyin aradan qaldırılması zərurətindən meydana gəlib. Qərb və Şərq arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri enerji sektorundakı qədər aydın deyildi və Avrasiya dövlətləri arasında enerji sahəsində əməkdaşlığın inkişafını təmin etmək ehtiyacı var idi. Bu mülahizələr əsasında Enerji Xartiyası prosesi yaranmışdır.

Dünyada qloballaşmanın və qarşılıqlı asılılığın artdığı bir dövrdə enerji ixracatçıları və enerji idxalçıları arasında qəbul olunmuş ümumi yanaşma ondan ibarətdir ki, beynəlxalq əməkdaşlıq üçün daha balansladırılmış və effektiv çərçivəni ikitərəfli sazişlərdən çox, çoxtərəfli qaydalar təmin edə bilər. Buna görə də, Enerji Xartiyası qlobal enerji təhlükəsizliyi üçün hüquqi baza yaratmaq səyləri kontekstində davamlı inkişaf prinsipləri və açıq, rəqabətli bazarlar əsasında mühüm rol oynayır.

Enerji Xartiyası Müqaviləsi 1994-cü ilin dekabrında imzalanıb, 1998-ci ildən isə qüvvəyə minib. Enerji Xartiyası Müqaviləsi bu günə kimi 55 dövlət, Avropa Birliyi və Euratom tərəfindən imzalanıb. Saziş 1991-ci ildə Avropa Enerji Xartiyası əsasında hazırlanıb. Müqavilə özü Şərq və Qərb arasında enerji əməkdaşlığı təşviq edən siyasi bir iradə bəyanı olsa da, Enerji Xartiyası unikal hüquqi cəhətdən məcburi çoxtərəfli sənəddir.

Enerji Xartiyası Müqaviləsinin əsas məqsədi vahid qaydalar yaradılması yolu ilə energetika sahəsində hüquqi normaların gücləndirilməsi və bütün iştirakçı hökumətlər tərəfindən bu qaydalara riayət edilməsi və energetika sahəsində investisiya və ticarət ilə bağlı risklərin minimuma endirilməsinənə nail olmaqdır.

Azərbaycan  Enerji   Xartiyası   Müqaviləsini  17   dekabr  1994-cü   ildə   imzalayıb. Sənəd 16 aprel 1998-ci ildə isə qüvvəyə minib.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.

14-15 sentyabr 2017-ci il tarixlərində Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyasının (BEX) İcraiyyə Qrupunun və Büdcə komitəsinin növbəti iclasları keçirilib. İclaslarda 2016-cı ilin : maliyyə və audit hesabatları, 2017-ci ilin büdcə xərcləri, 2018 - 2019-cu illər üçün iş proqramı layihəsi, çoxillik öhdəlik və.s. digər məsələlər müzakirə edilib, Azərbaycan tərəfdən Aşqabad Bəyannaməsi, “Energetika sahəsində investisiya risklərinin qiymətləndirilməsi - 2017-ci ilin pilot hesabatı” və digər müzakirə edilən sənədlərlə bağlı rəy və təkliflər bildirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

19-20 oktyabr 2017-ci il tarixində Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyasının İcraiyyə Qrupu, Strategiya Qrupu və Büdcə Komitəsinin 2017-ci il üçün yekun iclasları keçirilib. İclaslarda energetika sektorunda investisiya razılaşmalarına tətbiq olunan ümumi müddəalara dair təlimat, mayeləşdirilmiş təbii qaz müqavilələrinin potensial standartlaşmasına dair hesabat, enerji resurslarının tranziti ilə bağlı Çoxtərəfli Çərçivə sazişinə dair məsləhətləşmələr sənədi, Qırğızıstanda enerji səmərəliliyi,Aşqabad Enerji Xartiyasının Bəyannaməsi, enerji investisiya risklərinin qiymətləndirilməsi, “2018 Tehran Beynəlxalq Enerji Konfransı”və digər məsələlər müzakirə edilib. İclaslarda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

28-30 noyabr 2017-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilmiş Enerji Xartiyası Konfransının 28-ci sessiyasında Energetika nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

31 yanvar - 3 fevral 2018-ci il tarixlərində Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyası İcraiyyə Qrupunun növbəti iclası və Modernləşdirmə üzrə alt qrupunun ilk iclası keçirilib. İclaslarda tranzit, enerji səmərəliliyi, Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsi və Enerji İnvestisiya Risklərinin Qiymətləndirilməsi məsələləri müzakirə olunub. Beynəlxalq enerji razılaşmalarında yeni tendensiyalar daxil olmaqla qlobal enerji əməkdaşlığı, investisiyaların təşviqi və qorunma standartları, tranzit məsələləri, Enerji Xartiyası Müqaviləsi üzrə tənzimləmə, eləcə də müqavilənin bəzi müddəalarına düzəlişlərin edilməsi mövzuları üzrə müzakirələr aparılıb. 2020-ci ildə Azərbaycanın Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul edilib. İclaslarda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

15 mart 2018-ci ildə Bakı şəhərində "Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə dəyirmi masa keçirilib. İclasda Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlər iştirak edib.

15 mart 2018-ci ildə Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin təqdimatı keçirilib.

17-26 mart 2018-ci ildə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi üzrə müzakirələrdə iştirak etmək üçün Energetika Nazirliyinin əməkdaşları Brüsseldə ezamiyyətdə olub.

21 may 2018-ci ildə E4Energy proqramı çərçivəsində Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının hazırlanması metodologiyası ilə bağlı Energetika Nazirliyində EX ekspertlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

5 iyul 2018-ci ildə Energetika Nazirliyində aidiyyəti qurumlar və EX nümayəndələrinin iştirakı ilə Avropa İttifaqının “EU4Energy” Proqramının dəstəyi çərçivəsində enerji sektorunun inkişaf strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə iclas keçirilib.

30 sentyabr 2019-cu il tarixində BEX tərəfindən Brüsseldə təşkil olunmuş “Enerji Sektorunda İnvestisiya Risklərinin Qiymətləndirilməsi 2019” (EIRA2019) adlı tədbirin Nazirlər panelində Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

24 oktyabr 2019-cu il tarixində Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib. “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnak açılış nitqləri ilə çıxış ediblər.

10-11 dekabr 2019-cu il tarixlərində Belçikanın Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyasının 30-cu Konfransı və Nazirlər İclası keçirilib. Tədbirdə Energetika Nazirinin müavini Samir Vəliyev iştirak edib.

Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək. Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi dövründə keçiriləcək Beynəlxalq Enerji Xartiyası Forumu və Beynəlxalq Enerji Xartiyasının 31-ci Nazirlər görüşü ölkəmizdə təşkil ediləcək.

2019-cu ildən etibarən Energetika Nazirliyi əməkdaşlarının EX Katibliyinə müvəqqəti ezamiyyət (secondment) proqramında iştirakına başlanılıb. 2019-cu ildə nazirliyin 2 əməkdaşı hər biri 3 ay olmaqla Brüssel şəhərinə ezamiyyə olunub. Həmçinin, EX-yə sədrliyimiz dövründə Katiblikdə daimi əsasda fəaliyyət göstərəcək nümayəndələrin yerləşdirilməsi istiqamətində iş aparılır.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Enerji Xartiyası arasında enerji səmərəliliyi sahəsində əməkdaşlıq edilir. Həyata keçirilən əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Enerji Səmərəliliyi Siyasətinin Ətraflı Təhlilinin  (In-Depth Review of the Energy Efficiency Policy of the Republic of Azerbaijan) aparılması ilə bağlı razılıq əldə edilib. Beynəlxalq Enerji Xartiyası tərəfindən hazırlanmış sənədin tövsiyələr hissəsi 2019-cu ilin sentyabrın 19-da Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planının hazırlanması məqsədi ilə yaradılmış aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrupunun iclasında müzakirə edilib. Brüsseldə sənədin layihəsinin müzakirələrində Energetika nazirliyinin əməkdaşı iştirak edib. Yekun sənəd Beynəlxalq Enerji Xartiyasının saytında yerləşdirilib.

https://www.energycharter.org/fileadmin/DocumentsMedia/IDEER/IDEER-Azerbaijan_2020.pdf