Beynəlxalq Enerji Agentliyi (BEA) avtonom beynəlxalq orqan olaraq İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (OECD) çərçivəsində 1974-cü ildə Parisdə yaradılıb. 30 ölkə təşkilatın üzvü, 8 ölkə assosiativ üzvüdür. Hazırda Latviya və Çili ilə təşkilata üzv olmaqla bağlı danışıqlar aparılır. Təşkilatın əsas məqsədi dünya enerji resurslarının və energetik xidmətlərin tələb və təklif strukturunun təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsidir. Təşkilat reallıqda enerji resurslarının idxalçı ölkələrinə köməyi həyata keçirir.

BEA funksional olaraq üzv ölkələrin maraqlarına uyğun məlumat mərkəzi və məsləhətçi rolunda çıxış edir. Agentlik həmçinin, enerji təhlükəsizliyi. İqtisadi inkişaf və ətraf mühitin qorunması vəzifələri funksiyalarını da özündə birləşdirir.

IEA-nın İdarə Heyəti təşkilatın əsas qərarverici orqanıdır. İdarə Heyəti üzv ölkələrin enerji nazirlərindən və ya onların yüksək səviyyəli nümayəndələrindən ibarətdir.

IEA-nın İcraçı Direktoru 2015-ci ildən Fatih Biroldur (Türkiyə).

Azərbaycan BEA-nın üzvü deyil. Buna baxmayaraq təşkilatın tədbirlərində mütəmadi olaraq iştirak edilir.

16-18 aprel 2015-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Avropa Komissiyası və BEA tərəfindən birgə təşkil olunan Mərkəzi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji siyasəti icmalına həsr olunmuş nəşrlərin təqdimatı keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

16-20 oktyabr 2017-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində BEA-nın EU4Energy proqramı çərçivəsində enerji səmərəliliyi mövzusunda təlim seminarı keçirilib. Tədbirdə enerji effektivliyi sahəsinin inkişaf etdirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə tədbirləri, enerji səmərəliliyinin stimullaşdırılması və enerji effektivliyi layihələrinə investisiyaların cəlb edilməsi kimi məsələlərə diqqət yetirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndə heyəti iştirak edib.

24-25 oktyabr 2017-ci il tarixində Bakı şəhərində EU4Energy proqramı çərçivəsində “Enerji səmərəliliyi sahəsində siyasətin işlənməsi və həyata keçirilməsi ilə bağlı ixtisaslaşma üzrə Milli seminar” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı Nazirliklərarası işçi qrupun ikinci iclası keçirilib.

12-17 noyabr 2017-ci il tarixində BEA-nın “EU4Energy” proqramı çərçivəsində Belarusda keçirilən “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”nda Energetika Nazirliyinin əməkdaşları iştirak edib.

12-16 mart 2018-ci ildə Ukraynanın Odessa şəhərində “EU4Energy” Proqramı çərçivəsində BEA tərəfindən təşkil edilmiş “Ayliq Statistika Təlim və Mərkəzi Asiya, Qafqaz, Şərqi Avropa Ölkələri ücün Regional Treninq” həftəsində Energetika Nazirliyinin əməkdaşı iştirak edib.

12 sentyabr 2018-ci ildə Bakıda səfərdə olan  Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində Energetika naziri Pərviz Şahbazovla görüşüb. Görüşdə Azərbaycanla Beynəlxalq Enerji Agentliyi (BEA) arasında gələcək əməkdaşlıq imkanları və ölkəmizin enerji sektoru üzrə hədəflərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. 

14-16 fevral 2020-ci il tarixində keçirilmiş Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan Energetika naziri Pərviz Şahbazov səfər çərçivəsində BEA-nın İcraçı direktoru Fatih Birolla görüşüb.

IEA Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Energy proqramı çərçivəsində Azərbaycan Respublikası üçün uzunmüddətli enerji planladırılmasına dair Yol Xəritəsi layihəsini tərtib edib. Yol Xəritəsində əsas diqqət enerji siyasətinin planlaşdırılmasında istifadə olunan yanaşma və modellərə yönəldilib. Dövlət qurumları sənədə daxil edilmiş statistik məlumatlar və onların toplanması metodologiyasından, monitorinq və qiymətləndirmə prosedurlarından, habelə müvafiq sahədə əsas icra göstəricilərindən enerji planlaşdırması prosesində istifadə edə biləcəklər.

17-21 fevral 2020-ci il tarixində IEA-nın işçi qrupu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Energy proqramı çərçivəsində Azərbaycanda energetika sahəsinin inkişaf perspektivlərinin yenilənmiş icmalının hazırlanması ilə bağlı ölkəmizdə səfərdə olub. İşçi qrupunun üzvləri səfər çərçivəsində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri, beynəlxalq maliyyə institutları və özəl şirkətlərin nümayəndələri ilə görüşlər keçirərək sorğular vasitəsilə toplanmış materialların dəqiqliyini dəyərləndiriblər.