Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1991-ci ildə yaradılıb və mənzil qərargahı Londonda yerləşir. Bankın yaranma səbəblərindən biri həmin dövrdə Mərkəzi və Şərqi Avropada kommunist rejiminin süquta uğraması və keçmiş sovet blokuna aid dövlətlərdə demokratik şəraitə uyğun özəl sektorun yaranmasına yardım etmək idi. Hazırki dövrdə AYİB-in investisiya alətlərindən Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər 39 ölkədə bazar iqtisadiyyatının yaradılması istiqamətlərində istifadə edilir.

AYİB 5 qitədən olan 69 ölkənin, həmçinin Avropa Birliyi və Avropa İnvestisiya Bankının maraqlarına xidmət edir.

Bank investisiyalarının köməyi ilə aşağıdakı sahələrə yardım edir:

Struktur və sahəvi islahatların həyata keçirilməsi;

Rəqabətin inkişafı, özəlləşdirmə və sahibkarlığın inkişafı;

Hüquqi sistemin və maliyyə təşkilatlarının güclənməsi;

Özəl sektora kömək məqsədilə lazımi infrastrukturun inkişafı;

Korporativ idarəetmə üzrə etibarlı işgüzar sistemin tətbiqi.

Azərbaycan Respublikası AYİB-lə əməkdaşlığa 1992-ci ildən başlayıb. AYİB-in Azərbaycandakı nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bankla Azərbaycan arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi ilə tənzimlənir.

Strategiyaya əsasən, aşağıdakı istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi AYİB üçün prioritetdir:

- Rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi;

- Maliyyə bazarlarının inkişaf etdirilməsi vasitəsilə dözümlülüyün artırılması;

- Yaşıl iqtisadiyyata keçidə və regional rabitəliliyə dəstək.

AYİB Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, kiçik və orta biznesin inkişafına dəstək verir və bu yolla ölkə iqtisadiyyatında müsbət dəyişikliklərə nail olmağa çalışır. AYİB təkcə Bakıda deyil, regionlarda da geniş fəaliyyət göstərir.

AYİB Azərbaycanda 168 layihə (11 dövlət, 157 özəl) həyata keçirir. Ölkəmizə qoyulan investisiya 3,6 milyard Avro, ödəmələr 2,4 milyard, portfel layihələr isə 1,4 milyard Avro dəyərindədir. Layihələrin 50%-i enerji sahəsini əhatə edir.

Dövlət zəmanətli kreditlərin məbləği aşağıdakı kimidir:

İcrası başa çatıb: 9 layihə (5 nəqliyyat, 3 enerji, 1 su) - 480 milyon ABŞ dolları

İcrada olan: 2 layihə (1 yol tikintisi, 1 enerji) - 1.2 milyard ABŞ dolları

Özəl sektora ayrılan kreditin məbləği aşağıdakı kimidir:

2017-ci ildə 8 layihə - 39 milyon Avro

2018-ci ildə 4 layihə - 16.1 milyon Avro

AYİB-in yaratdığı Səhm İştirak Fondunda (ümumi dəyəri: 350 milyon Avro) Azərbaycan Respublikası Dövlət Neft Fondu 100 milyon Avro kapital qoyuluşu ilə iştirak edir.

22 noyabr 2019-cu ildə Böyük Britaniyanın paytaxtı London şəhərində AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iştirak edib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə AYİB arasında əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə AYİB arasında Azərbaycanın Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda (E5P) iştirakı ilə əlaqədar ianə haqqında Saziş imzalanıb. Həmçinin, Azərbaycanın AYİB-in donor ölkələr icmasına qoşulması ilə bağlı Saziş imzalanıb.

E5P Fondu 2009-cu ildə Avropa İttifaqına sədrlik etdiyi dövrdə İsveç Hökümətinin təşəbbüsü ilə yaradılıb və əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyi və ekoloji layihələrin təşviq edilməsi və bu sahələrə investisiyaların cəlb edilməsidir.

Fondun əsas fəaliyyət istiqamətlərinə bərk məişət tullantılarının idarə edilməsi, küçələrin işıqlandırılması, bərpa olunan enerji mənbələrindən, o cümlədən biotullantılardan istifadə, mərkəzi istilik enerjisi sisteminin inkişafı, su təchizatı və çirkab sularının təmizlənməsi, eyni zamanda şəhər nəqliyyatının inkişafı, ictimai və yaşayış binalarında enerji effektivliyi tədbirləri kimi layihələrə maliyyə vəsaitinin ayrılması daxildir.

AYİB tərəfindən enerji sektorunda maliyyələşdirilən layihələr:

Cənubi Qaz Dəhlizi layihəsi - Cənubi Qaz Dəhlizi QSC-yə (“Borc alan”) 500 milyon ABŞ dollarınadək kredit ayrılmasına Azərbaycan Respublikası tərəfindən təminat verilir. Bu kredit Borc alanın “Trans-Anadolu Təbii Qaz Boru Kəməri” layihəsi çərçivəsində öhdəliklərin bir hissəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. (18.10.2017)

TANAP layihəsinin cəmi xərcləri: 8,6 milyard ABŞ dolları

Cənubi Qaz Dəhlizi QSC-nin payı: 5 milyard ABŞ dolları

Lukoyl overseas: Şahdəniz qaz-kondensat yatağının inkişafı. II - Layihəyə dair razılaşma 15 yanvar 2014-cü ildə imzalanıb. Təklif olunan maliyyələşdirmə Azərbaycanda ofşor Şahdəniz qaz-kondensat yatağının ("ŞD") inkişafı ilə bağlı Lukoil Overseas Şahdəniz Ltd ("LŞD") şirkətinə Bank tərəfindən ayrılan vəsaitlərin əvvəlcədən planlaşdırılmış artımına yönəlib.

LŞD ŞD-də 10% paya malikdir.

Maliyyələşdirilmə birinci mərhələsi ərzində yatağın istismarının genişləndirilməsi və mövcud terminal və platforma da daxil olmaqla, daha qabaqcıl texnologiyaların tətbiqi üçün istifadə olunmalıdır.

Layihənin ümumi dəyəri 2,1 milyard ABŞ dolları təşkil edir.

AYİB-nın maliyyəsi: 200 milyon ABŞ Dolları həcmində Baş Kredit (sindikatlaşdırılmış deyil).

Ümumi layihə xərcləri: Toplam ŞD birinci mərhələsinin genişləndirilməsi və müasirləşdirilməsi layihəsinin smetası 2128 milyon ABŞ dolları təşkil edir. LŞD-nin mərhələ 1 üzrə layihə smetası 212.8 milyon ABŞ dollarına bərabərdir.

Lukoyl Şahdəniz mərhələ II - nin uzadılması layihəsi - Azərbaycanda dəniz qaz kəşfiyyatı, hasilat layihəsi və Şahdəniz yatağında hasilatın ikinci mərhələsində payının əlavə maliyyələşdirilməsini təmin etmək üçün LUKOYL Şahdəniz Ltd ("LOSD") şirkətinə kreditin verilməsi nəzərdə tutulur.

LUKOYL şirkətinin Şahdəniz yatağında 10% payı vardır. Layihəyə BP şirkəti rəhbərlik edir. LUKOIL şirkəti layihəni daxili vəsaiti hesabına maliyyələşdirə biləcəyindən və xarici borclara ehtiyac olmadığından, AYİB-in kredit verilməsi layihəsi ləğv edilib.

AYİB-in maliyyəsi: 100 milyon ABŞ Dolları

Ümumi layihə xərcləri: 400,000,000.00 ABŞ Dolları

“Lukoyl” Şahdəniz mərhələ II layihəsi - “LUKOİL” şirkətinin Şahdəniz yatağında 10% maraq payı var. Layihə BP tərəfindən idarə edilir. AYİB və AİB “LUKOİL” tərəfindən təklif edilən sövdələşmə üzrə Səlahiyyətli Rəhbər Təşkilatçılar (“SAT”) kimi təyin edilib.

Layihənin ümumi dəyəri: 3 milyard ABŞ dolları.

AYİB-in maliyyəsi: Ümumi kredit məbləğinin, hər bir SAT-ın 500 milyon ABŞ dolları ayırması ilə, 1 milyard ABŞ dolları məbləğində olması gözlənilir. Ümumi kredit məbləğinin təxminən yarısının həm AYİB, həm də AİB-in sindikatlaşdırılmış A/B Borc proqramları əsasında olacağı nəzərdə tutulur.

AZDRES elektrik stansiyasının bərpası layihəsi - AYİB-in maliyyəsi: Azerenerjiyə 115 milyon ABŞ dolları. Layihə 2006-cı ildə başa çatıb.

Lukoil overseas: Şahdəniz qaz kondensatı yatağının inkişafı layihəsi - AYİB-in maliyyəsi: 110 milyon ABŞ dolları (qismən sindikatlaşdırılmışdır). Layihə 2005-cı ildə başa çatıb.

SOCAR: Şahdəniz qaz kondensatı yatağının inkişafı layihəsi - AYİB-in maliyyəsi: 110 milyon ABŞ dolları. Layihə 2003-cı ildə başa çatıb.