2004-cü ildə Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçıları Şurasının toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə cəlb olunmasına dair tövsiyə qəbul edilib. Avropa Qonşuluq Siyasətinin mərkəzi elementi Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. 3-5 illik müddət üçün nəzərdə tutulan bu sənədlər hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən, qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanır.

Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə daxil edildikdən sonra 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə Azərbaycan Respublikası-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilib. Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən AR-Aİ münasibətlərinin gələcək inkişafının istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyən olunmuşdur.

Fəaliyyət Planında 10 prioritet istiqamət müəyyən edilib:

1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi

2) Demokratiyanın gücləndirilməsi

3) Qanunun əliliyinin, insan hüquqlarının və fundamental azadlıqların müdafiəsinin gücləndirilməsi

4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması

5) Gömrük xidməti işinin yaxşılaşdırılması

6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək

7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması

8) Aİ-Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi

9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi

10) Regional əməkdaşlığın gücləndirilməsi