Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü 2009-cu ilin may ayında Praqada keçilən Seminarda Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur. ŞT çoxtərəfli formatı çərçivəsində müzakirələrin aparılması üçün təsis olunan platformalardan biri Enerji təhlükəsizliyi üzrə Platformadır. Platforma çərçivəsində mütəmadi olaraq iclaslar keçirilir.

Avropa İttifaqının ŞT Proqramı çərçivəsində 12-14 aprel 2011-ci il tarixində Brüsseldə keçirilmiş Davamlı Enerji Həftəsində iştirak edilərək “Enerji təhlükəsizliyi” üzrə 3-cü Platformada Azərbaycan elektroenergetika sistemi haqqında məruzə edilib.

30-31 may 2012-ci il tarixində Avstriyanın Vyana şəhərində enerji Təhlükəsizliyi üzrə 3-cü Platforması çərçivəsində keçirilmiş ŞT ölkələrinin enerji tənzimləyici qurumlarının seminarında iştirak edilib.

9-12 dekabr 2015-ci il tarixində Belçikanın Brüssel şəhərində Avropa İttifaqının ŞT proqramının “Enerji təhlükəsizliyi” üzrə 3-cü çoxtərəfli platformasının 14-cü iclası keçirilib. İclasa Energetika Nazirliyinin nümayəndəsi qatılıb.

15-19 may 2017-ci il tarixində Ukraynanın Kiyev şəhərində Enerji Təhlükəsizliyi platforması çərçivəsində Enerji Tənzimləyicilərinin 6-cı illik seminarı keçirilib və nazirlik tədbirdə təmsil olunub.

20 sentyabr 2017-ci il tarixində Bakı şəhərində ŞT çərçivəsində Avropa Xarici Fəaliyyət Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. Energetika Nazirliyinin nümayəndəsinin qatıldığı tədbirdə Avropa İttifaqının Şərq Tərəfdaşlığına daxil olan ölkələrin dövlət idarəçiliyi sahəsində həyata keçirdikləri islahatlarla bağlı təcrübələri bölüşülüb.

5 iyun 2018-ci ildə Brüssel şəhərində ŞT proqramının yenilənmiş çoxtərəfli əməkdaşlıq ölçüsü çərçivəsində Enerji Panelinin ilk iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilib.

27 noyabr 2018-ci il tarixində Brüsseldə ŞT “Enerji Paneli” nin ikinci iclası keçirilib. İclas enerji bağlantıları, ŞT bölgəsində mayeləşdirilmiş təbii qaz (LNG) perspektivləri və enerji sektorunun dekarbonizasiyası movzularına həsr olunub. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

2 aprel 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində ŞT üzrə enerji nazirlərinin görüşü keçirilib. Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil edilən iclasda Azərbaycanı Energetika nazirinin müavini Elnur Soltanov təmsil edib. Tədbirdə ŞT proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, ŞT üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılıb.

17 iyun 2019-cu il tarixində Belçikanın Brüssel şəhərində Avropa İttifaqının ŞT proqramının “Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi” mövzusunda 3-cü Platforması çərşivəsində “Enerji paneli”nin 3-cü iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

20 sentyabr 2019-cu il tarixində Kiyevdə Avropa İttifaqının ŞT Proqramı çərçivəsində mayeləşdirilmiş təbii qaz (LNG) bazarları üzrə regional şəbəkənin 3-cü simpoziumu keçirilib. Simpoziumda Energetika Nazirliyinin nümayəndələri iştirak edib.

17-18 oktyabr 2019-cu il tarixlərində Litvanın paytaxtı Vilnüsda Avropa İttifaqının ŞT proqramı çərçivəsində Enerji Panelinin 4-cü iclası keçirilib. İclasda Nazirliyin nümayəndəsi iştirak edib.

26 noyabr 2019-cu il tarixində Belçikanın Brüssel şəhərində Avropa İttifaqının ŞT proqramı çərçivəsində “Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi” mövzusunda 3-cü Platformanın iclası keçirilib. İclasda Nazirliyin nümayəndəsi iştirak edib.

2021-ci il 8 iyul tarixində Avropa Komissiyası EU4Energy proqramının “Şərq Tərəfdaşlığı ölkələrində ekoloji cəhətdən təmiz enerjiyə keçidin təşviqi: EU4Energy Faza II” adlı ikinci fazasının icrasına başlayıb. 2024-cü ilin sonu - 2025-ci ilə qədər davam edəcək proqramın məqsədi enerjiyə dair etibarlı qanunvericilik və normativ-hüquqi bazaların yaradılmasına töhfə vermək, regionun təmiz enerjiyə keçidini və bu regionda enerji bazarlarının liberallaşdırılmasını dəstəkləməkdir. EU4Energy proqramının büdcəsi ümumilikdə 8,5 milyon avro təşkil edir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqram çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən qarşılıqlı məsləhətləşmələr çərçivəsində ölkəmiz üçün hər il üzrə Fəaliyyət Planı hazırlanıb icra olunur. Həmçinin Proqramın digər icraçılarından olan Beynəlxalq Enerji Agentliyi tərəfindən ölkəmiz üçün enerji səmərəliliyi üzrə Yol Xəritəsi hazırlanmaqdadır.