Azərbaycan Respublikası müstəqillik qazandığı ilk illərdən bu günədək Avropa İttifaqı (Aİ) ilə bir çox sahələrdə əməkdaşlıq edir.

Azərbaycan Respublikası 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş "Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" (TƏS) təşkil edir. Bu Saziş Azərbaycan və Aİ arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir.

Azərbaycanla AI arasında əlaqələrin hüquqi çərçivələrini müəyyənləşdirən digər sənədlər bunlardır:

- 14 noyabr 2006-cı il tarixində imzalanmış Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı

- 7 noyabr 2006-cı il tarixində imzalanmış Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu

- 16 iyun 2008-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi

- 7 may 2009-cu il tarixində imzalanmış Şərq Tərəfdaşlığı Bəyannaməsi

- 13 yanvar 2011-ci il tarixində imzalanmış Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair Birgə Bəyannamə

- 13 yanvar 2011-ci il tarixində imzalanmış Azərbaycan və Aİ arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu

- 13 yanvar 2011-ci il tarixində imzalanmış Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Avropa Komissiyası və Azərbaycan Respublikası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama (MİP) dair Anlaşma Memorandumu

- 13 yanvar 2011-ci il tarixində imzalanmış Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu

- 13 iyun 2014-cü il tarixində "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Azərbaycanın İttifaq proqramlarındakı iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə Protokol

21 may 2018-ci ildə Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri və “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə seminar keçirilib

3 iyul 2018-ci ildə Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı, bir sıra  dövlət qurumları, şəhər və rayon bələdiyyə nümayəndələri və  ekspertlərin iştirakı ilə "Merlərin Razılaşması Təşəbbüsü – Öhdəlikdən İcraya Doğru" mövzusunda seminar keçirilib

24 sentyabr 2018-ci il tarixindən Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Azərbaycanı Milli Əlaqələndirici qismində Energetika Nazirliyi təmsil edir. Avropa Komissiyası Energetika Nazirliyini Milli Əlaqələndirici qurum kimi qeydiyyata alıb və “Merlər Razılaşmasının Milli Əlaqələndiricinin Bəyannaməsi” ilə müəyyənləşdirilmiş səlahiyyətlərinin icrasına icazə verib.

26 sentyabr 2018-ci ildə Avropa İttifaqının EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.

27-28 fevral 2019-cu il tarixlərində Brüsseldə Azərbaycan Respublikası - Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 16-cı iclası keçirilib. İclasda Energetika Nazirliyin nümayəndəsi iştirak edib.

29 fevral 2020-ci il tarixində Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorondumunun icra vəziyyətinin müzakirəsi məqsədi ilə iclas keçirilib.

4 fevral 2022-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının enerji  məsələləri üzrə komissarı Kadri Simson arasında görüş zamanı Aİ və Azərbaycan arasında yeni enerji dialoqunun təsis edilməsi barədə razılıq əldə olunmuşdur. Aİ-Azərbaycan enerji dialoqunun ilk iclası 18 iyul 2022-ci il tarixində Bakıda, sonuncu 2-ci iclası isə 2 may 2023-cü il tarixində Brüssel şəhərində keçirilmişdir.

2022-ci ilin 18 iyul tarixində “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanmışdır. 2006-cı ilin 7 noyabr tarixində imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu əvəzləyən yeni sənəddə təbii qaz təchizatı, bərpa olunan enerji istehsalı, enerji səmərəliliyi, bərpa olunan hidrogenin təşviqi, metan emissiyaları, ətraf mühitin mühafizəsi, infrastruktur sahələrində əməkdaşlıq məsələləri əks olunmuşdur. Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin müzakirəsi məqsədilə yaradılan İşçi Qrupu çərçivəsində müntəzəm görüşlər keçirilməkdədir.