Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılıb. Təşkilatın hazırda 68 üzvü var. Baş ofisi Filippinin paytaxtı Manilada yerləşir.

Təşkilatın əsas məqsədi Asiya ölkələrinə iqtisadiyyatın inkişafı və yoxsulluğun aradan qaldırılmasında kömək göstərməkdir. Təşkilat məqsədlərinə çatmaq üçün əməkdaşlıq etdiyi ölkələrə kredit, texniki yardım və qrantlar ayırır.

AİB-in prezidenti 2020-ci ilin yanvar ayından etibarən Masatsuqu Asakavadır.

Yaponiya Bankın ən iri səhmdarı olduğu üçün Bankın Prezidenti də Yaponiyadan olur.

Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv olub. Azərbaycandakı əməliyyatlar strategiyası 2000-ci ildə təsdiqlənib. Təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir.

AİB Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı Direktor Antoni Makdonald, Azərbaycandakı ofisinin direktoru isə Kendis Makdiqandır.

AİB İdarə heyətinin 48-ci illik iclasi 2015-ci ildə Bakıda keçirilib.

Enerji sahəsi üzrə cəmi 1,193.65 milyon ABŞ dolları məbləğində məcmu kredit, qrant və texniki yardım təsdiq edilib.

AİB bu günədək Azərbaycanda dövlət və özəl sektorlarda 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, qrant və texniki yardım ayırıb. AİB-in dəstəklədiyi layihə və proqramların icrası nəticəsində 485 min insan fasiləsiz içməli su ilə təchiz olunub, 240 min insan daşqın və subasmaların təsirindən müdafiə olunub, 100 min ev təsərrüfatı elektrik enerjisi ilə təmin edilib, 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir edilib.

AİB 2019-2023-cü illər üçün nəzərdə tutulan Azərbaycan üzrə yeni beş illik Strategiyanı təsdiq edib. Strategiya 3 strateji prioritetdən ibarətdir:

özəl sektorun inkişafının gücləndirilməsi;

dövlət sektorunun effektivliyinin artırılması;

infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi.

Bu günədək AİB tərəfindən Azərbaycana ayrılan kredit, qrant və texniki yardımların ümumi məbləği 5 milyard ABŞ dolları təşkil edir.

Energetika – 1,9 milyon ABŞ dolları;

Nəqliyyat – 1,4 milyard ABŞ dolları;

Dövlət idarəsi – 1 milyard ABŞ dolları;

İnfrastruktur – 583 milyon ABŞ dolları;

Maliyyə – 214 milyon ABŞ dolları;

Kənd təsərrüfatı – 1,2 milyon ABŞ dolları;

Səhiyyə – 0,6 milyon ABŞ dolları.

Kredit və qrantlar:

“Şahdəniz II” layihəsi:

AİB-in maliyyəsi: 1 250 milyon ABŞ dolları

“Elektrikpaylayıcı şəbəkənin yenidənqurulması” layihəsi

Layihənin ümumi dəyəri: 1 milyard ABŞ dolları

AİB-in maliyyəsi: 750 milyon ABŞ dolları

“Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi proqramının təkmilləşdirilməsi” layihəsi

AİB-in maliyyəsi: 500 milyon ABŞ dolları

Azərbaycan Hökumətin tərəfindən irəli sürülmüş islahatların dəstəklənməsi üçün 800 min ABŞ dolları dəyərində qrant nəzərdə tutulur.

Texniki yardım layihələri:

Dövlət-özəl tərəfdaşlıq vasitəsi ilə Universitet Tələbələri üçün Bakı şəhərində Yataqxanaların və Xidmətlərin təklifi üzrə pilot layihə (2018-2019)

Strateji islahatlara sürətli dəstək (2017-2020)

Şahdəniz II İnvestisiya Planı Layihəsinin hazırlanması üçün texniki yardım (2016-2019)

İqtisadi diversifikasiya üçün qeyri-bank maliyyəsi və alternativ maliyyə alətlərinin inkişafı (2018-2020)

Dəmir yolları sektoru üzrə inkişaf proqramı üçün texniki yardım (2017-2020)

Enerji Sektorunun Maliyyə Bərpası Planı (2016-2019)

Bərpa Olunan Enerji Mənbələri sahəsi üzrə əməkdaşlıq:

“Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə:
-    Layihə çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur.
-    Asiya İnkişaf Bankı tərəfindən layihənin icrasına 2018-ci ildə başlanılıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.
-    Layihə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraq həyata keçirilir.
-   Energetika Nazirliyinin müvafiq əmri ilə layihənin icrasının təmin edilməsi məqsədi ilə işçi qrupu yaradılıb.
-   Boyükşor gölünün səthində 800 kv.m. sahədə günəş panellərinin quraşdırılmasına razılıq verilməsi, eləcə də gölün sahilində 75 kv.m. torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yardımçı tikili və panellərin quraşdırılması üçün zəruri icazə və rəylərin verilməsi ilə bağlı işlər görülür. 
-   Fotovoltaik sistemin quraşdırılması üçün satınalma proseduruna başlanılıb.
-   AİB tərəfindən seçilmiş məsləhətçi şirkətlə görüş keçirilib və icra prosesi müzakirə edilib.
-   Nazirlər Kabinetinin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahəsinin ayrılması üçün zəruri prosedurların həyata keçirilməsi istiqamətində işlər aparılır.
-   18 yanvar 2019-cu il tarixində İşçi Qrupunun ilk iclası keçirilib. İclasda Asiya İnkişaf Bankı tərəfindən təqdim edilmiş Yaddaş Qeydinin, Azərbaycan üzrə Yekun ilkin Hesabatın təqdim edilməsi və layihənin həyata keçirilməsinə təsir edən həll edilməmiş məsələlər, çətinliklər və ya digər məsələlər müzakirə edilib. Görüşün nəticəsi olaraq, Azərbaycan üzrə hesabat nazirliyə təqdim olunub.
-   16 iyul 2019-cu il tarixində Üzən Günəş Enerji Sistemlərinin İnkişafı Layihəsi üzrə Ətraf Mühitə təsirin ilkin qiymətləndirilməsi üzrə hesabat Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə təqdim olunub. ETSN sənədə dair ekoloji rəyini bildirib.
-  18 iyul 2019-cu il tarixində Sabunçu rayon Gənclər Evində “Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsi üzrə ictimai müzakirə keçirilib. Tədbirdə Asiya İnkişaf Bankının, Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Sabunçu Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC-nin, Sabunçu rayonunda fəaliyyət göstərən bələdiyyələrin, qəsəbə icra nümayəndələri, ictimai təşkilatların nümayəndələri və aidiyyəti şəxslər iştirak edib.
-  17 sentyabr 2019-cu ilin tarixində “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin icrası ilə əlaqədar  görüş keçirilib. Görüşdə layihə üzrə satınalma prosedurları, tənzimləmələr, ətraflı icra qaydaları, yerli potensial podratçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, qurğuların istifadəsi üzrə potensialın artırılması mövzusunda müzakirələr aparılıb.